İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü BMT İnsan Haqları Şurasının xüsusi məruzəçisi Əhməd Şəhidin İran barəsindəki hesabatını ədalətsiz, məqsədli və siyasi adlandırıb.
İranın XİN sözçüsü xanım Mərziyyə Əfxəm İranda insan haqlarının vəziyyəti barəsində Əhməd Şəhidin hesabatının yayımlanmasına reaksiyada deyib: İran ifratçılıq, zorakılıq və terrorizmdən əziyyət çəkən regionda stabillik mehvəri, dini demokratiya və məsuliyyətli mötədilliklə beynəlxalq ictimaiyyətlə konstruktiv əməkdaşlığa malikdir.
“İran İslam Respublikası bu ölkədə insan haqlarının vəziyyəti barəsində qərəzli hesabatları qəbul etmir” deyən xanım Əfxəmin sözlərinə görə, İran insan haqlarının xüsusi məruzəçisinin təyin olunmasını İranın böyük xalqına hörmətsizlik hesab edir və onu rəsmən tanımır.
İranın XİN sözçüsü həmçinin deyib: Məruzəçinin təyin olunması tamamilə siyasi xarakterli olmuşdur və İnsan Haqları Şurasında xüsusi bir neçə ölkə tərəfindən izlənilən bir seçim prosesinin nəticəsidir. Buna görə, hazırlanmış hesabat da siyasi motivlər və tam ədalətsizliklə İranda insan haqlarının vəziyyətini araşdırmışdır.
Terrorçu və zorakılıq qruplaşmalarının bu hesabatın hazırlanmasının mənbələri olduğunu bildirən Əfxəm əlavə edib: Məruzəçinin bəzi strategiyalar və qərəzli siyasətlərin təsiri altında qalması İran İslam Respublikasının mütərəqqi proses və həqiqətlərini, eləcə də İran xalqının iyun ayı prezident seçkilərində geniş iştirakını reallıqla və tərəfsiz şəkildə tam dərk etməsinə mane olmuşdur.
BMT-nin İnsan Haqları Şurasının İran barəsindəki xüsusi məruzəçisi Əhməd Şəhid çərşənbə günü 23 oktyabrda BMT-nin Baş Assambleyasının 3-cü komitəsinin iclasında iştirak edərək İranda insan haqlarının vəziyyəti barəsində 2013-cü ildə 2-ci hesabatını təqdim etmişdir.
Əhməd Şəhid bu hesabatda da İranda insan haqlarının pozulması hallarının davam etməsi kimi öz qərəzli iddialarını təkrarlayaraq iddia edib ki, İran dövləti ötən bir ildə də İran xalqının cinsi ayrı-seçkilik, siyasi, iqtisadi, ictimai və mədəni hüquqlarının pozulmasını davam etdirib.

