Münafiqlərin İraqdakı bazası olan Liberti bazasının katyuşa və minaatanla hədəfə alınması 3 nəfərin ölməsi, 50 nəfərin isə yaralanması ilə nəticələnib.
İraqın Aviasiya Təşkilatının sədri Nasir Bəndər deyib: Bağdad hava limanı yaxınlığında yerləşən bu hərbi qərargahın yaxınlığına 3 raket mərmisi düşüb. Hələ ki, bu hücumun səbəbləri məlum deyil.
Münafiqlər qruplaşmasının üzvləri hal hazırda müvəqqəti olaraq Liberti hava limanında yerləşiblər. Onlar burada üçüncü bir ölkəyə köçürülmələri üçün icazənin verilməsini gözləyirlər.
Röytersin məlumatına görə, Ceyşül-Muxtar qrupu bu hücumun məsuliyyətini öz üzərinə götürüb. Bu qrupun lideri Liberti bazasını katyuşa və minaatanla hədəfə aldıqlarını və bazaya doğru 20 mərmi atdıqlarını bildirib.
Basiq əl-Bətat deyib: Biz dəfələrlə İraq dövlətindən istəmişik ki, münafiqləri İraq ərazisindən çıxartsın. Amma, onlar hələ də İraqdadırlar.
Münafiqlər adı ilə tanınan Xalq Mücahidləri qruplaşması İran xalqına qarşı 20 mindən artıq terror hücumu həyata keçirib. Mücahidlər İraq xalqının qırğın və işgəncə edilməsində də Səddam rejiminə dəstək veriblər. Son illər ərzində bəzi münafiqlərin Azərbaycan Respublikasında gizlənməsi faktı ilə bağlı ANS kanalı bir reportaj yayımlamışdı.