Əli Həsənov: Mehriban Əliyevanın namizədliyini irəli sürməsi təbiidir
“Yeni Azərbaycan Partiyası prezident İlham Əliyevin namizədliyini irəli sürüb. Namizədin dəyişməsindən söhbət gedə bilməz” – partiyanın İdarə Heyətinin üzvü, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov belə deyib.
Şöbə müdiri bildirib ki, YAP, hakimiyyət prezident seçkisində dövlət başçısı İlham Əliyevin namizədliyi ilə iştirak edəcək: “YAP və hazırkı hakimiyyət komandası yekdil qərarla prezident İlham Əliyevin namizədliyini irəli sürüb və birmənalı şəkildə cənab İlham Əliyevin namizədliyini dəstəkləyir. Başqa namizəd yoxdur və olmayacaq”.
Əli Həsənov bəzi partiyaların YAP sədrinin müavini, Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyevanın namizədliyini irəli sürməsinə də münasibət bildirib: “Ayrı-ayrı partiyaların, təşkilatların, qrupların, insanların Mehriban Əliyevanın namizədliyini irəli sürməsi təbiidir. Bu, Mehriban xanıma olan hörmət-izzətin nümunəsi, göstəricisidir. Amma məsələ ondadır ki, bir insanının namizədliyini irəli sürmək üçün mütləq onun razılığını almaq lazımdır. Mehriban xanım belə bir razılıq bildirməyib”.
Həsənov bu gün Prezident İlham Əliyevə opponentlik edənlər barədə də danışıb: “İndi baxın, Prezident İlham Əliyevə qarşı opponentlik edənlər kimlərdir. Görün, onlar haradan dəstək axtarırlar. Biri deyir ki, “hələ mən dəstəklənmək üçün xarici ölkələrin hamısından razılıq almamışam. Razılıq alım, gələrəm. Əsas odur ki, bu ölkələrin razılığın alım, gəlim, prezident olum”. Görün Azərbaycan prezidentliyinə dəstəyi, dayağı harada axtarırlar!”
PA rəsmisinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev seçki kampaniyası aparmır və aparmayacaq: “Ona görə ki, onun seçki kampaniyası aparmağa ehtiyacı yoxdur. O, seçkilərin sabahını yox, nəsillərin sabahını düşünür. Onun gördüyü işlər elə onun kampaniyasıdır. Əgər Azərbaycan gəncliyinin elitası, avanqardı, ən şüurlu hissəsi İlham Əliyevin namizədliyini dəstəkləyirsə, deməli, onun yürütdüyü siyasət doğrudurş.”
