İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Ermənistan XİN başçısı Eduard Nalbəndiyan ilə görüşündə rəsmi Tehranın regional münaqişələrin həlli sahəsindəki prinsipial mövqeyini xatırladaraq Qarabağ münaqişəsinin həllinin vacibliyini vurğulayıb.
İİR XİN media diplomatiya baş idarəsinin verdiyi məlumata görə, Zərif İİR-in Həsən Ruhaninin prezidentliyi dövründəki xarici siyasət prioritetlərini açıqlayaraq deyib: qonşu ölkələrlə əməkdaşlıqların gücləndirilməsi İranın xarici siyasətinin prioritetlərindəndir.
İran İslam Respublikasının xarici işlər naziri regionda sülh və sabitliyin bərqərar olunması üçün İranın rol oynamağa hazır olduğunu bildirib.
İki ölkənin XİN başçıları həmçinin regionun əsas məsələləri o cümlədən Suriya və Ukraynadakı vəziyyəti də müzakirə ediblər.
Görüşdə Ermənistan XİN başçısı Eduard Nalbəndiyan da İran ilə 5+1 qrupu arasındakı müzakirələri müsbət qiymətləndirərək danışıqların müsbət nəticələrə gətirib çıxaracağına ümidvar olduğunu bildirib.