
Azərbaycan Dövlət Sərhəd Xidmətinin Yevlaxda yerləşən N saylı hərbi hissəsində öldürülən əsgər Miriyev Elvin Fikrət oğlu dəfn edilib.
Verilən məlumata əsasən, əsgər başından kətillə (taburetka) vurularaq öldürülüb. Buna baxmayaraq, Yevlaxda keçirilən ilkin ekspertiza zamanı zəhərlənmə diaqnozu qoyulub. Lakin mərhumun bədənində, xüsusilə, başında olan xəsarətləri görən ailə üzvləri bu versiyanı absurd hesab edirlər. Onlar təkrar ekspertiza barədə tələb irəli sürsələr də, bu tələbləri yerinə yetirilməyib.
Mərhum əsgərin bibisi oğlu, sabiq vicdan məhbusu Ülvi Quliyev bildirib : “Əgər dayım oğlu zəhərlənibsə, onda hərbi hissədəki 300 əsgər də zəhərlənməli idi. Onların hamısı eyni qidanı qəbul ediblər. Niyə təkcə Elvin Miriyev zəhərlənib?”
Ülvi Quliyev məlumat verib ki, yas mərasiminə Cəlilabad rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun polis rəisi və müavinləri, əsgərin öldürüldüyü hərbi hissənin zabitləri, eləcə də, Dövlət Sərhəd Xidmətinin Göytəpədəki hərbi hissəsinin komandiri gedib!