QÜDS VƏ QARABAĞ, EYNİ DƏRDDƏ
Azərbaycan Respublikası Birlik Təşkilatı və Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatı “İNSAN HAQLARI – QÜDS VƏ QARABAĞ, EYNİ DƏRDDƏ” İkinci Elmi-Nəzəri Virtual Konfransını təşkil edir.
Birlik saytı vasitəsilə təşkil olunan virtual konfransda siyasi-ictimai xadimlər, tarixçilər, partiya və QHT sədrləri, media işçiləri, yazarlar, həmçinin bir sıra fəal gənclər iştirak edir.
Konfransın budəfəki sözçüsü Furqan İctimai Birliyinin sədri, ilahiyyatçı-filosof Vüqar İsgəndərov vurğulayıb ki, DQ məsələsinin həlli şəhidlik məfhumunun Azərbaycanda dirçəlməsinə bağlıdır.
Vüqar İsgəndərov deyib : “Qüds günü dünya xalqlarını istismar edən sionizmin mühakimə edildiyi bir günə çevrildi. Hər il dünyanın dörd bir yanında insanlar sionizmi məhkum edirlər. Onların unutdurmaq istədikləri cinayətləri yenidən dünyaya elan edilir, xatırladılır. Bunun nəticəsindədir ki, 70 ilə yaxın bir vaxt keçməsinə baxmayaraq Fələstinin işğalı hələ də dünya gündəmindən düşmür.”
Vüqar İsgəndərov əlavə edib : “Qarabağın işğalı Qüdsün işğalının davamıdır deyirik. Bu həqiqətən belədir. Lakin bu hələ Azərbaycan sərhədlərindən kənarda heç bir yerdə bu cür qəbul edilmir. Təəssüf ki, 20 il tamamən bizim əleyhimizə işləyib. Təbliğatda uduzmuş haldayıq. Bunun çox dərin kökləri və tutarlı səbəbləri var. Ən başlıcası uğursuz xarici siyasətimizin nəticəsidir ki, bu duruma düşmüşük. Bu duruma düşməkdə bizə öz islami kimliyimizi unutdurmaq cəhdlərinin də payı var.”
İlahiyyatçı əlavə edib : “Qüds gününün Ramazan ayının son cümə günü qeyd edilməsi təsadüfi deyil. İnsan Ramazan ayında bir ay öz mənəviyyatını təmizləyir, gücləndirir, şeytani vəsvəslərə qalib gəlir və nəhayət, bundan sonra özündə zalıma etiraz etmək gücünü hiss edir. Qarabağ problemi də bu düsturla həll edilməlidir.”