Bəhreynin 14 Fevral inqilabı gənclər koalisiyası dinc etiraz aksiyası zamanı təhlükəsizlik qüvvələrinin aksiya iştirakçılarına qarşı zəhərli qazdan istifadə etməsi nəticəsində bir nəfərin həyatını itirməsindən xəbər verib.
14 Fevral inqilabı gənclər koalisiyasının internet portalının yaydığı məlumata görə, Cavad Əlhavi adlı 49 yaşlı bəhreynli bazar ertəsi günü Sitrə atasında keçirilən etiraz aksiyası zamanı təhlükəsizlik qüvvələrinin istifadə etdiyi zəhərli qazlardan zəhərlənərək, həyatını itirib.
Ali-Xəlifə rejiminə bağlı qüvvələr Sitrə adasında əhalinin sivil etiraz aksiyasını yatırmaq üçün zəhərli qazlardan istifadə ediblər.
Bəhreynin müxtəlif məntəqələri o cümlədən Əkr şəhəri də təhlükəsizlik qüvvələrinin zorakılıqlarının şahidi olub. Təhlükəsizlik qüvvələri şəhərlərin girəcəklərində yoxlama-buraxılış məntəqələri yaradaraq, insanların gediş-gəlişinə maneələr törədib və bəzi yerlərdə evlərə basqınlar təşkil ediblər.
Bütün bunlara baxmayaraq ölkə səviyyəsində Ali-Xəlifə rejimi və onun təhlükəsizlik qüvvələrinin cinayətlərinə habelə, işğalçı Ərəbistan qüvvələrinin Bəhreyndəki iştirakına etiraz olaraq aksiyalar davam edir.
Aksiya iştirakçıları əllərində Bəhreyn bayrağı daşıyaraq, hökumət əleyhinə şüarlar verib, Ali-Xəlifə rejiminin hakimiyyətdən getməsini, siyasi məhbusların sərbəst buraxılmasını və xalqa qarşı cinayət törədənlərin cəzalandırılmasını tələb ediblər.
14 Fevral inqilabı gəncləri koalisiyası Bəhreyn xalqından istəyib ki, Səudiyyə Ərəbistanının işğalçılıq siyasətlərinə etiraz olaraq “Müqavimət” adı altında öz inqilabçı mübarizələrini artırsınlar.
Bəhreyn 2011-ci ilin Fevralından ölkədə demokratik bir quruluşun formalaşması və diktatura rejiminə son qoyulması tələbi ilə Ali-Xəlifə rejiminə qarşı sivil xalq etirazlarının şahididir.
İndiyə kimi 140 nəfər təhlükəsizlik qüvvələrinin dinc etiraz aksiyalarına qarşı zorakılıqlarında həyatını itirib. Yüzlərlə nəfər isə həbs olunaraq, işgəncələrə məruz edilib.