Ruhani hökumətinin ilk qərarı: Urmiya gölü xilas edilməlidir

Dərrakə və Ümid dövlətinin Nazirlər Kabinetinin bazar günü prezident Həsən Ruhaninn sədrliyi ilə keçirilən ilk iclasında Urmiya gölünün nicatı işçi qrupunun təşkil edilməsi qərara alınıb.

Bu iclasda Nazirlər kabineti qərara alıb ki, Urmiya gölünün nicatı üçün energetika nazirinin sədrliyi və kənd təsərrüfatı naziri, daxili işlər naziri, ekologiya və ətraf mühiti mühafizə təşkilatının sədri və proqramlaşdırma və strateji nəzarət müavinliyindən bir nümayəndənin üzvlüyü ilə bir işçi qrupu təşkil edilsin.

Bu işçi qrupu öncədən aparılmış elmi araşdırmalar və təcrübələrdən istifadə edərək, daha ətraflı və geniş təhqiqatların aparılması yolu ilə 2 ay ərzində Urmiya gölünün nicatı yolları proqramını hazırlamalı və yekun qərarın qəbul edilməsi üçün nazirlər kabinetinə təqdim etməlidir.

İran İslam Respublikası prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin ilk iclasının ardınca deyib: Bu iclasda xalqa verdiyimiz vədə əsasən Umriya gölü haqda da qərarlar qəbul olundu və qərara alındıki, energetika nazirinin nəzarətialtında “Urmiya gölünün nicatı” işçi qrupu yaradılsın və bu göl ilə bağlı məsələləri araşdıraraq, Nazirlər Kabinetinin növbəti iclaslarında hesabat təqdim etsin.

Energetika naziri Həmid Çitçiyan da özünün təqdimat mərasimində dedi: Urmiya gölünün vəziyyətinə diqqət göstərmək Energetika Nazirliyinin ən başlıca prioritetlərindən sayılır və ən qısa zamanda bu məsələ nazirliyin iş proqramında yer alacaq.

H.Çitçiyan əlavə edib: Energetika Nazirliyi bu gölü yenidən həyata qaytarmaq üçün əsaslı addımlar atmağa çalışacaq.

Bundan öncə seçki təbliğatları zamanı Həsən Ruhani vəd etmişdi ki, seçkilərdə qələbə çalacağı təqdirdə Nazirlər Kabinetinin ilk iclasında Urmiya gölü məsələsini qaldıracaq. Urmiya gölünün nicatı üçün onun başlıca təklifi Xəzər suyunun bu gölə nəql edilməsi olmuşdu.

Hələ ki, ekologiya mütəxəssisləri bu təkliflə bağlı fikir bildirməyiblər.

↑
Mobil sürümden çık