Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bəzi ölkələrin Suriya ilə bağlı qeyri-konstruktiv qətnamə qəbul etdirməyə səy göstərmələrini “Cenevrə-2” beynəlxalq konfransının keçirilməsi qarşısında maneə yaratmaq istiqamətində dəyərləndirib və bu haqda xəbərdarlıq edib.
Aleksandr Lukaşeviç mətbuat konfransında deyib: Rusiya bəzi ölkələrin cari may ayının əvvəllərində Moskva və Vaşinqton arasında əldə olunmuş razılıq çərçivəsində Suriya böhranı ilə əlaqədar keçirilməsi nəzərdə tutulan Cenevrə-2 beynəlxalq konfransı qarşısında pozuculuq törətməyə çalışdıqlarından agahdır.
A.Lukaşeviç əlavə edib: Biz, Suriya ilə bağlı daha bir qeyri-konstruktiv qətnamənin qəbul etdirilməsi istiqamətindəki səylərin şahidiyik. Belə ki, bu istiqamətdə İnsan Haqları Şurasının 23-cü Cenevrə iclasında müəyyən hərəkətlər müşahidə edilməkdədir. Tamamilə aydındır ki, bu səylər Suriya böhranına son qoymaq məqsədilə Rusiya və ABŞ arasında razılaşdırılmış beynəlxalq konfransın keçirilməsinə mane olmaq istiqamətindədir.
Rusiya Xarici İşlər Nazirliyi sözçüsünün dediyinə görə, bu kimi addımlarda məqsəd müəyyən siyasi mənafeyə nail olmaqdır. Halbuki, hazırkı şəraitdə Suriyada kobudluqlar və toqquşmaların dayandırılması və bu ölkədə milli dialoqa zəmin yaradacaq siyasi-diplomatik səylərin uğurla nəticələnməsinə dəstək vermək başlıca məqsəd olmalıdır