Rusiyanın Azərbaycana silah satışı və bölgədə qüdrət bərabərliyi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Borduja Rusiya tərəfindən Azərbaycana 1 milyard dollar dəyərində silah satışını bölgədə qüdrət bərabərliyi üçün təsirsiz adlandırıb.

MediaForumun məlumatına görə, Ermənistanda səfərdə olan Borduja Rusiyanın Azərbaycana silah satışı ilə əlaqədar addımı barəsindəki suala cavabda deyib: Bu alış-veriş Rusiyanın ticarət üsullarından biridir və bazar iqtisadiyyatı ilə əlaqədədir.

Borduja əlavə edib: Silah satışı barəsində qərarda Qafqazda hərbi bərabərliyin qorunması meyar götürülüb. Azərbaycana silah satışı zamanı da bu prinsipə riayət olunub və Qafqazda qüvvə bərabərliyi pozulmayıb.

Borduja eyni zamanda xatırladıb ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olaraq öz təhlükəsizliyini təmin etmək üçün bu təşkilatdakı müttəfiqlərindən kömək istəyə bilər.

Xatırladaq ki, Rusiya tərəfindən Azərbaycana 1 milyard dollar dəyərində silahın satılması xəbərinin yayılması Ermənistanda kəskin nigaranlıqların yaranmasına səbəb olub.

↑
Exit mobile version