Bəyanatda bildirilir ki, son zamanlar ölkədə gənclər hərəkatının genişlənməsi, eləcə də onların təşkilatçılığı ilə “Əsgər ölümlərinə son!” tələbi ilə keçirilən kütləvi aksiyalar hakimiyyəti təşvişə salıb.
Xalqın artan narazılığının meydanlara daşınmasından narahat olan mövcud iqtidar bu ilki seçki ilində də öz hakimiyyətini qorumaq üçün repressiv tədbirlərə əl atıb. Belə ki, fəallığı və etiraz aksiyalarının təşkilatçılığı ilə seçilən “NİDA” Gənclər Hərəkatının 7 üzvü , eləcə də AXCP üzvü Daşqın Məlikov, ilahiyyatçı Taleh Bağırzadə və digərləri şərlənərək həbs edilib. Həbs edilənlərə qarşı daha çox son zamanlar ictimai fəalların həbsi zamanı tətbiq edilən ənənəvi metodlarda- “narkotik maddələrin saxlanması və istifadəsi”, eləcə də “qanunsuz silah saxlama” ittihamlarından istifadə olunur. Həbs olunan gənclərin əksəriyyəti fəal facebook və tvitter istifadəçiləridirlər. Onlar hakimiyyətin yürütdüyü siyasətə tənqidi və müxalif mövqedən yanaşan gənclərdir. “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı sərbəst toplaşmaq azadlığını ifadə edən, fərqli fikir və düşüncələrini irəli sürən gənclərin həbsindən narahatlığını bildirir. Əslində bu həbslər hakimiyyətin qarşıdan gələn 2013- cü il prezident seçkilərində də öz hakimiyyətini qorumaq üçün bütün mümkün və qeyri- mümkün vasitələrdən istifadə edərək represiyyalara başladığını göstərir. 2012- ci ilin iyun ayında həbsdən azadlığa buraxılan bir qrup siyası məhbusun yerləri dərhal digər siyasi məhbuslarla doldurulur. Digər təəssüf doğuran haldır ki, Azərbaycanda gənclərə qarşı aparılan bu repressiyalara başda ABŞ Dövlət Departamenti olmaqla dünyanın bir sıra nüfuzlu beynəlxalq təşkilatları ATƏT, Avropa Şuras və s. göz yumur.
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı hakimiyyəti repressiyaları dayandırmağa, həbs etdiyi gəncləri qeyri- şərtsiz azadlığa buraxmağa, ölkədə sərbəst toplaşmaq azadlığının təmin etməyə çağırır. Hakimiyyət unutmamalıdır ki, azad mətbuata, gəncliyə və qadınlara qarşı aparılan mübarizənin sonu məğlubiyyətdir.