İran İslam Respublikası Xarici İşlər Nazirliyi ABŞ-ın İrandakı mənafelərini qoruyan İsveçrə səfirliyinin müvəqqəti işlər vəkilini XİN-ə çağırtdıraraq kimyəvi silahlardan istifadəni kəskin şəkildə pisləyib və Suriyada üsyançılarını himayə edən hökumətlərin bu cinayətdə məsuliyyət daşıdığını bildirib.
İranın Xarici İşlər Nazirliyinin beynəlxalq siyasət məsələləri üzrə idarəsinin baş direktor müavini Möhsün Nəziri bildirib: İran İslam Respublikası bu cinayətin törədilməsi ehtimalı barəsində öncələr xəbərdarlıq etmişdi. Buna görə üsyançıların kimyəvi silahları əldə və ondan istifadə etmələrinin qarşısının alınmasında ABŞ hökumətinin məsuliyyət daşıdığını vurğulayır.
İran rəsmisi əlavə edib: İran İslam Respublikası kimyəvi silahlarla mübarizə konvensiyasının fəal üzvü və bu silahların qurbanı kimi kimyəvi silahlardan istifadənin qadağası üzrə bütün dövlətlərin məsuliyyətini xatırladaraq açıq-aşkar və dərhal bu cinayəti pisləmələrini və ondan istifadənin təkrarlanmasının qarşısının alınması üçün heç bir addımı əsirgəməmələrini gözləyir.
Nəziri bu cinayət və Suriyada terrorçular üçün bu silah təminatçıları ilə bağlı müstəqil araşdırmanın aparılmasını istəyib.
İsveçrə səfirliyinin müvəqqəti işlər vəkili də İran rəsmisinin açıqlamasını dinlədikdən sonra bildirib ki, məsələni tez bir zamanda ABŞ hökumətinə çatdıracaq.
Qeyd etmək lazımdır ki, ABŞ hələ də kimyəvi silahlarını ehtiyatda saxlayan əsas ölkədir. Halbuki ölkələr beynəlxalq öhdəliklərə əsasən 2012-ci ilə qədər bütün kimyəvi silahları məhv etməli idilər.
ABŞ bu öhdəliyin əksinə olaraq öz kimyəvi silahlarını qorumuşdur.
