İranda 11-ci prezident seçkiləri namizədlərindən olan Səid Cəlili seçkilərə qalan günlər ərzində öz seçki platformasını açıqlamaq üçün Təbrizə səfər edib.
Səid Cəlili Təbrizə daxil olduqdan sonra, xalq qarşısında çıxış etməzdən öncə, Vəli Fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsi və Təbrizin imam cüməsi ilə görüşüb.
Səid Cəlili Ayətullah Müctəhid Şəbistəri ilə görüşünün ardınca, Təbriz əhalisinin görüşünə gedib.
S.Cəlili Təbriz əhalisi qarşısında etdiyi çıxışında İranın ötən 34 ildə Vilayəte-Fəqihin bərəkəti sayəsində quruluşun həm “Respublika” həm də “İslam” prinsiplərinə sadiq qaldığını deyərək, vurğulayıb: Düşmən də başa düşüb ki, təhdid və ya təbliğat hiylələri ilə heç bir nəticə əldə edə bilməyəcək.
İranda 11-ci prezident seçkiləri namizədlərindən olan Səid Cəlili əlavə edib: Əgər xalq bahalıq, işsizlikdən əziyyət çəkirsə, problemlərin müvəqqəti deyil, əsaslı formada həll edilməsi məsələsini qarşıya məqsəd qoymalıdır ki, İnqilab Rəhbərinin nəzərdə tutduğu İqtisadi Qəhrəmanlıq gerçəkləşsin.
O, çıxışının davamında deyib: Aristokratıq, korrupsiya, ayrı-seçkilik və digər oxşar hallar qarşısında müqavimət göstərmək və mübarizə aparmaq lazımdır.
S.Cəlili “İqtisadi Qəhrəmanlığa” zəmin yaradan amil “Siyasi Qəhrəmanlıqdır” deyərək, əlavə edib: Düşmənin İranı regional bir qüdrət olaraq qəbul etdiyi bir zamanda biz, qəhrəmanlıqlar yaradaraq, iqtisadi problemləri həll etməliyik.
Səid Cəlili çıxışının ardınca Təbriz əhalisi ilə birlikdə axşam namazında iştirak edib.