Tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı cinayət işi başlanıb.
Nəsimi Rayon Prokurorluğundan verilən məlumata görə, 1977-ci il təvəllüdlü Elnarə Niftəliyevanın ölümü ilə bağlı rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.
Prokurorluqdan həmçinin bildirilib ki, hadisə ilə bağlı saxlanılan yoxdur və hazırda araşdırma aparılır.
Qeyd edək ki, E. Niftəliyeva sentyabrın 20-də Nəsimi rayonunda yerləşən “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib.
Keçirilən ekspertizaların ilkin rəyinə əsasən, E. Niftəliyeva asfiksiyadan (nəfəs çatışmazlığından) öldüyü məlum olub. E. Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyev mətbuata açıqlamada E. Tofiqqızının əməliyyatdan öncə vurulan narkoz nəticəsində öldüyünü bildirib.