DSX-də ölən əsgərin ailəsi : “Ürəyinə güllə dəyən şəxs ikinci dəfə necə özünə atəş aça bilər”
Az öncə Azərbaycan Dövlət Sərhəd Xidmətində (DSX) əsgərin dünyasını dəyişməsi ilə bağlı məlumat yayıldi. Hadisə baş verən gün APA DSX-nin mətbuat mərkəzinə istinadən məlumat verilmişdi ki, silahla davranış qaydalarının pozulması nəticəsində əsgər Səmədov Xəzər Ağa oğlu dünyasını dəyişib. Sözügedən olayla bağlı yayımlanan məlumat əsgər ailəsinin ciddi şəkildə narazılığına səbəb olub. Bu barədə mərhum əsgərin qardaşı tərəfindən Faktxəbərə məktub göndərilib. Məktubu olduğu kimi sizlərə təqdim edirik:
“Mətbuatda yanlış məlumat yerləşdirməklə hərbi xidmətinin başa çatmasına 3 gün qalmış əsgər adına və onun ailəsinin adına ləkə gətirdiyinizi yəqin ki, başa düşmürsünüz. APA-nın məlumatına istinad edərək yazırsınız. Bəs niyə ağlar ananın, beli bükülmüş atanın dilindən eşitmək istəmirsiniz? Mən Səmədov Misir Ağa oğlu 27.06.2013-cü il tarixdə öldürülən 1993-cü il doğumlu kiçik çavuş Səmədov Xəzər Ağa oğlunun qardaşıyam. Xahiş edirəm bizimlə də əlaqə saxlayıb məlumatın düzgün yayımlanmağında vicdan borcunuzu yerinə yetirəsiniz. “
Əsgər ailəsinin narazılığını nəzərə alaraq onlarla əlaqə saxladıq. Baş verən olayla bağlı FaktXeber.com-a açıqlama verən mərhum əsgərin əmisi Səmədov Nadir bildirdi ki, 1,6 il hərbi xidmətdə olan əsgərin özünə qəsd etməsi DSX üçün təhqir və utancverici bir haldır. Hadisə yerinə əsgərin ata və anasını aparmadıqlarını qeyd edən Nadir Səmədov, “hadisə yerinə çatan kimi zastavadan bizə bildirdilər ki, əsgər özü-özünü vurub. Halbuki əsgərin bədənin iki ayrı-ayrı yerində güllə yarası var idi. Güllənin biri ürəyindən dəyib, digəri isə mədəsindən. Özü də birinci güllə ürəyindən dəyib. Ürəyindən güllə yarası alan şəxs ikinci dəfə necə özünə atəş aça bilər”, – deyə bildirdi: “ Sonradan belə məlumat da aldıq ki, guya hansısa əsgərlə bir-birilərinə atəş açıblar. Maraqlıdır ki, hərbi xidmətdən gəlməyə 3 gün qalmış əsgər nəyə görə özünü vurmalıdır. Xəzər ölməsəydi, bu gün evə gələcəkdi.”
Mərhumun nə özünün hərbidə, nə də ki, ailəsində hər hansı bir probleminin olmadığını bildirən əsgər əmisi, “bizim də hərbidən azdan çoxdan başımız çıxır. Xidmətinin sona çatmasına 5-6 günü qalmış əsgəri xidməti vəzifəyə göndərmirlər. Hadisə hərbi hissədən 1 km aralıda baş verib. Maraqlıdır ki, xidməti vəzifəyə çıxmayan əsgər silah və patronu haradan alıb?”, – deyə qeyd etdi: “DSX nümayəndəsi ailəyə görülən işlər barədə məlumat vermək üçün gəlmişdi. O, bildirdi ki, hazırda hadisə ilə bağlı bir nəfər əsgər həbs olunub. Hadisə ilə bağlı kifayət qədər müəmmalı məqamlar var. Meyit üzərində aparılan ekspertizadan sonra məlum oldu ki, gülə 30 santimetrdən atılıb. Avtomatın uzunluğu təxminən 1 metrə yaxındır. Necə ola bilər ki, 1 metrlik avtomatla 30 santimetrdən əsgər özünə iki dənə güllə vursun. Bir güllə məlumdur, bəs ikincini necə vurub? “
Sonda Səmədov Nadir bildirdi ki, bu cür yalan məlumatların yayımlanması dövlətimizə xələl gətirən şeylərdir: “ Əsgər ölən kimi dərhal açıqlama verirlər ki, özünü vurub vəssəlam. Bəs ana və atanın 18-20 il övladları ilə bağlı çəkdiyi min bir əziyyət hara getdi? Əsgər Səmədov Xəzər nümunəvi əsgər olub. Daima zabitlər onu tərifləyirdilər. Biz bilirik ki, bundan sonra hər nə baş versə onu bizə qaytarmayacaq. Amma Xəzərin özünü vurması haqqında məlumatları yaymaq və camaatı buna inandırmaq bizim üçün ən böyük təhqirdir.”