“Qoşulmamaq Hərəkatı” Qarabağ münaqişəsinin həllinə müsbət təsir edə bilər.
Bu sözləri İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin İranın Fars agentliyinə müsahibəsində deyib.
“Düşünürəm ki, İran İslam Respublikasının regiondakı siyasi nüfuzu və Qoşulmama Hərəkatındakı sədrliyi potensialından istifadə etməklə bölgədə sülhün təmin edilməsinə və Qarabağ münaqişəsinin həllinə kömək etmək olar”, – deyə M.Pakayin bildirib.
M.Pakayin deyib ki, ATƏT-in Minsk qrupu ötən 20 il ərzində göstərib ki, Qarabağ münaqişəsinin həllində maraqlı deyil: “Fikrimcə, ixtilafları və münaqişənin şəraitini özündə əks etdirən böyük bir plan və yol xəritəsinin hazırlanması ilə tərəflər arasında sövdələşmə yaratmaq və vasitəçilikdə yeniliklər etməklə Qarabağ münaqişəsinin həllinə nail olmaq mümkündür”.
“Qoşulmamaq Hərəkatı” dünyanın 118 ölkəsini ilk növbədə hərbi bloklara qoşulmamaq prinsipi üzrə birləşdirən beynəlxalq təşkilatdır. Bu hərəkat 1961-ci ilin sentyabrında 25 ölkənin iştirakı ilə Belqradda yaradılıb. Azərbaycan 2011- ci ildən “Qoşulmama Hərəkatının” tam hüquqlu üzvüdür.