Azərbaycan Respublikası Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Aleksandr Vasyak sabiq müdafiə naziri Səfər Əbiyevi ittiham etdi.
Aleksandr Vasyak “net-fax” saytına müsahibəsində deyib ki, Əbiyevin günahından ordu quruculuğunda və onun modernləşdirilməsində durğunluq yaranmışdı.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin idarə rəisi deyib : “Cənab Əbiyev ordu sistemini özünə uyğun şəkildə qurmuşdu – məsul vəzifələrə ona sərfəli və sadiq adamları təyin edir, professional zabitləri isə ordudan tərxis edərək və ya üçüncü dərəcəli vəzifələrə keçirərək yolundan kənarlaşdırırdı.”
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin idarə rəisi əlavə edib : “Əbiyev Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovla da belə davranmışdı. Komandir heyətində korrupsiyadan, mənfəətpərəstlikdən tutmuş qeyri-professionallıq, gözdən pərdə asmaq, sui-istifadə, qeyri-nizamnamə davranışları kimi hallar son nəticədə ordunun döyüş hazırlığının və döyüş qabiliyyətinin aşağı düşməsinə səbəb olub”.
Oktyabrın 22-də prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibində Səfər Əbiyevin olmaması haqqında sərəncam imzalayıb. Səfər Əbiyev Heydər Əliyevin hakimiyyəti dövrundən müdafiə naziri postunda idi.

