DünyaXƏBƏRLƏR

Hacı İlqar: “Vətəndaşlarla bu cür qəddar rəftar üzücüdür”

Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzi (DEVAMM) “Nida” gənclər təşkilatına mənsub fəalların həbsini və “Əsgər ölümlərinə son!” aksiyasının iştirakçılarına qarşı zorakılığı pisləyən bəyanat qəbul edib.
Mərkəzin rəhbəri Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda deyilir: “Nida” gənclər təşkilatına qarşı bu cür təzyiqləri qətiyyətlə pisləyirik. Tutulan gənclərə qarşı ittihamları əsassız və qeyri-hüquqi hesab edirik. Onların “TV-etirafları”nı isə sovet rejimindən miras qalan mənfi vərdişlərin atavizmi kimi qiymətləndiririk. Millətin gənclərini bu şəkildə təqdim etmək, müasir dünyada qətiyyən qəbul edilməyən bu cür “etirafları” tirajlamaq yolverilməzdir.
Silahlı Qüvvələrdə çoxsaylı problemləri, hətta kütləvi hal alan əsgər ölümlərinə gətirib çıxaran böhran səciyyəli durumu həll etmək əvəzinə “görməzlik” mövqeyinə üstünlük verilməsini, problemləri susdurmaq cəhdlərini də son dərəcə təhlükəli və destruktiv hesab edirik. Problemlər öz-özünə həll olunmur, onların mənbəyini müəyyən etmək, həll yollarını təhlil etmək, ictimai şəffaflıq mühitində onları çözmək lazımdır. Təəssüf ki, bu alternativsiz çıxış yoluna müraciət etmək əvəzinə hakimiyyət orqanları bir-birinin üstünə qalaqlanan və getdikcə yeni-yeni problemlər yaradan rəftar modelinə üstünlük verirlər.
DEVAMM “Əsgər ölümlərinə son!” şüarı altında keçirilən aksiyanın zorakılıqla dağıdılmasına və aksiyaçılara qarşı tamamilə qeyri-adekvat və qəddar davranışa öz etirazını bildirir. Vətəndaşların bu və ya digər məsələlər üzrə öz mövqelərini bildirməsi onların konstitusiyada təsbit edilmiş ən ümdə hüquqlarındandır. Sərbəst toplaşma azadlığının faktiki qadağası azmış kimi bu hüququnu dinc yolla müdafiə etməyə cəhd edən vətəndaşlarla bu cür qəddar rəftar üzücüdür. Dövlət orqanları vətəndaşlarla güc müstəvisində rəftar etməkdən əl çəkməlidir. Problemləri araşdırmaq, onları həll etmək zəruridir. DEVAMM bildirir ki, hazırkı durum cəmiyyətdaxili parçalanmaya, qarşılıqlı özgəliyə aparır. Bu mənfi tendensiyanı qarşılamaq üçün təxirəsalınmaz tədbirlər görülməli, ilk növbədə həbs edilən gənc fəallar buraxılmalı, sonrakı mərhələdə ictimai açılım üzrə gerçək təşəbbüslərə start verilməlidir”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu