
İranın Teleradio Təşkilatının Bakı ofisində Xocalı faciəsi ilə bağlı xüsusi video-çarx hazırlanıb. Bu filmin hazırlanmasında iştirak edən Azərbaycan Respublikası ziyalıları, mütəfəkkirləri, ictimai qurum və təşkilatların sədrləri və millət vəkilləri Xocalı faciəsi ilə bağlı öz düşüncələrini paylaşıblar.
Xocalı faciəsinin 21-ci ildönümü münasibətilə hazırlanmış bu video-çarxda Azərbaycan ziyalıları erməni separatçılarının Xocalıda törətdikləri faciənin miqyasını şərh edərək, dünya ictimaiyyəti və beynəlxalq qurumların bu faciəyə düzgün qiymət verməsini və cinayətkarların cəzalandırılmasını tələb ediblər.
Universitet müəllimi, tarixçi Cəmil Həsənli 1992-ci ilin 26-ı Fevral faciəsində Xocalıda 63-ü uşaq olmaqla 613 günahsız insanın qırğın edilməsini bəşəriyyət əleyhinə törədilmiş cinayət adlandırıb və bu faciənin dünya ictimaiyyətinin gözləri önündə baş verdiyini bildirib.
Azərbaycan Respublikası Milli Məclisinin üzvü Fazil Qəzənfəroğlu da Xocalı faciəsini 2-ci Dünya Müharibəsindən sonra bəşəriyyətin şahidi olduğu ən dəhşətli faciələrdən biri adlandırıb və deyib: Bu faciənin miqyasını faktlar əsasında dünyaya tanıtdırmaq rəsmi Bakının iş gündəmində durur.
Xocalı Faciəsinin Tanıtdırılması ictimai birliyinin sədri Şamil Sabiroğlu da bu tədbirdə çıxış edərək, Xocalının ötən bir əsrdə 3 dəfə 1905, 1918 və 1992-ci illərdə yandırıldığını bildirib.
Ş.Sabiroğlu daha sonra sivil insanların öldürülməsini beynəlxalq hüquq normalarının kobud surətdə pozulması adlandıraraq, bu faciəni qınayıb.
Azərbaycan İslam Partiyasının sədr müavini Rövşən Əhmədli də Xocalı faciəsindən 21 ilin ötməsinə baxmayaraq, hələ də dünya ictimaiyyətinin bu faciəyə lazımi qiymət vermədiyini təəssüfləndirici hal sayıb və deyib: Bu faciənin dünya ictimaiyyətinə tanıtdırılması hər bir azərbaycanlının borcudur və hökumət də bu istiqamətdə öz səylərini artırmalıdır.
Terrorizmlə Mübarizə Qeyri Hökumət Təşkilatının sədri Rövşən Novruzoğlu da Qarabağ müharibəsi zamanı İranın Azərbaycan Respublikasına olan yardımlarına işarə edərək, Xocalının müdafiəsi uğrunda gedən döyüşlərdə bir qrup İran vətəndaşının da şəhid olduğunu xatırladıb.
İşğal Olunmuş Ərazilərdə Tarixi və Mədəni İrsi Müdafiə Mərkəzinin sədri Faiq İsmayılov da İranın Teleradio Təşkilatının Bakı Ofisi tərəfindən hazırlanmış bu video-çarxda Amerika və müttəfiqlərinin terrorizmlə mübarizə bəhanəsi ilə heç bir fakt təqdim etmədən digər ölkələri ittiham etdikləri halda, 21 il ötməsinə rəğmən bəşəriyyətin gözləri önündə baş verən Xocalı faciəsi qarşısında hələ də sükut etmələrini tənqid edib.
İranın Teleradio Təşkilatının Bakıdakı ofisinin Xocalı faciəsi ilə bağlı Azərbaycan ziyalılarının baxışlarını əks etdirən 15 dəqiqəlik video-çarxında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının nöqteyi-nəzəri də yer alıb.
A.Nağı Ağ-Evin internet saytında Xocalı faciəsi ilə bağlı 100 mindən çox imzanın toplanmasına işarə edərək, deyib: ABŞ hökuməti bu məsələ qarşısına öz mövqeyini elan etməlidir.
Qeyd etmək lazımdır ki, İranın Teleradio Təşkilatının Bakıdakı ofisi tərəfindən Xocalı faciəsi ilə bağlı hazırlanmış video-çarx Azərbaycan medialarında da işıqlandırılıb.
ATV telekanalı cümə günü efirə gedən xəbər buraxılışında İran televiziyası tərəfindən Xocalı faciəsi ilə bağlı video-çarxın hazırlanmasından xəbər vermişdi. Bu məlumat İranın Teleradio Təşkilatının Bakı ofisinin müdiri Əhməd Kazemiyə istinadla bildirilmişdi.
İran İslam Respublikasının Bakıdakı səfirliyinin internet səhifəsi də bu xüsusda xəbər dərc edərək, yazıb:
Qeyd etmək lazımdır ki, erməni separatçıları Ermənistan ordusunun dəstəyi ilə 26 Fev. 1992-ci il tarixində Azərbaycanın Xocalı kəndinə hücum edərək, 63-ü uşaq olmaqla 613 sivil insanı qətlə yetirdilər.
Bu faciə tarixə ötən əsrin sonlarında Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilmiş ən dəhşətli faciələrdən biri olaraq düşüb.