Site icon İslami Dəvət

Yəmən Silahlı Qüvvələri cənub-qərbdəki son əməliyyatın mühüm nəticələrini rəsmi açıqladı

Yəmən Silahlı Qüvvələri cənub-qərbdəki son əməliyyatın mühüm nəticələrini rəsmi açıqladı

Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri cənub-qərbi Yəməndə keçirilən son əməliyyatın nəticələrini açıqlayıb. “Allah onları hər tərəfdən əhatə edir” adlandırılan əməliyyat çərçivəsində Təiz və Lahic vilayətlərində ümumi sahəsi 7.100 kvadratkilometr olan 10 rayonun təhlükəsizliyi təmin edilib.

Bəyanata əsasən, Səudiyyə Ərəbistanının göndərdiyi və səudiyyəli zabit Məhəmməd Talal əl-Bəlainin nəzarətində olan düşmən qüvvələrinin 12 hərbi diviziyası, o cümlədən 60 batalyonu məğlub edilərək məhv olunub. Həmçinin yüzlərlə hərbi və zirehli texnika sıradan çıxarılıb və qənimət götürülüb, çoxlu sayda silah, sursat və hərbi avadanlıq ələ keçirilib.

Yəhya Səri vurğulayıb ki, əməliyyatın məqsədi Səudiyyə qüvvələrinin Yəmən xalqına və Silahlı Qüvvələrinə hücum etdiyi ərazilərin təhlükəsizliyini təmin etmək olub. O, cənub vilayətlərinin də Səudiyyə hücumlarından zərər çəkdiyini bildirərək, əməliyyatın Yəməni və xalqı müdafiə etmək məqsədi daşıdığını, cənub vilayətlərinə hücum hədəfinin olmadığını qeyd edib.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü cənub vilayətlərindəki bütün yəmənliləri Səudiyyə Ərəbistanına qarşı səslərini ucalmağa və bu vilayətlərin Yəmən xalqına qarşı düşmənin məkrli məqsədləri üçün baza kimi istifadəsinə imkan verməməyə çağırıb. Bəyanatın sonunda müharibə dayandırılana və Yəmənə qarşı mühasirə sona çatana qədər “mühasirəyə qarşı mühasirə, gərginliyə qarşı gərginliyin artırılması və Səudiyyə koalisiyasına bağlı qüvvələrin hədəfə alınması” üçlü düsturuna əsasən silahların inkişaf etdirilməsi və Səudiyyə mövqelərinə hücumların davam etdiriləcəyi vurğulanıb.

Exit mobile version