
İran İslam Respublikası prezidenti Mahmud Əhmədinejad bu gün çərşənbə 1392-ci hicri şəmsi ilinin başlanması münasibəti ilə Novruz müraciətində İran xalqını, bütün iranlıları və Novruzu qeyd edənlərin hamısını təbrik edib və deyib: İran xalqının səyi düşmənlərin tam məğlubiyyəti və naümidliyi, amal zirvələrini fəth etmək, hərtərəfli inkişaf və beynəlxalq ədalətin reallaşmasına qədər davam edəcək.
“İran xalqının müxtəlif elmi, sənaye, kənd təsərrüfatı, texnologiya, siyasət, mədəniyyət, iqtisadiyyat və idman sahələrindəki sürətli hərəkəti davam edir və hər gün yeni nailiyyət İran xalqının ixtiyarına verilir” –deyə Əhmədinejad bildirib.
1392-ci ilin izzət və bərəkətlə dolu olacağını və İranın hərtərəfli inkişafı və quruculuq prosesinin daha sürətlə irəliləyəcəyini bəyan edən prezident söyləyib: Şübhəsiz qələbə böyük İran xalqının olacaqdır.
Əhmədinejad öz Novruz müraciətində növbəti İran prezident seçkiləri barəsində də deyib: İran İslam Respublikası əzəmətli, möhtəşəm, maksimum səs və tam şəffaf seçkiləri keçirmək ardıncadır.
İran prezidenti sonda deyib: Möhtəşəm seçkilər, 100%-lik iştirak və xalqın qətiyyətli səsi ilə bir prezidentin seçilməsi bütün regional və beynəlxalq prosesləri İran xalqının xeyrinə dəyişəcəkdir.