
Bu gün xanım Məsumə(s)-nın vəfatının ildönümü günüdür. Həzrət Məsumənin(s) vəfatının ildönümü günü ilə bir vaxtda Qum şəhəri matəm içindədir.
Xanım Məsumənin(s) pak məqbərəsi də bu gün çoxlu sayda qonaq və zəvvara ev sahibliyi edir. Hüzünlü insanlar o xanımın vəfatının ildönümü münasibətilə Həzrət Məsumənin(s) pak məqbərəsinə üz tutublar.
O həzrətin adı Fatimə, məşhur ləqəblərindən biri isə Məsumədir. Onun atası imam Musa ibn Cəfər(ə), anası isə Nəcmə Xatundur(s). Nəcmə Xatun(s) eyni zamanda İmam Rza(ə)-ın da anasıdır. Yəni, xanım Məsumə(s) İmam Rza(ə)-ın anabir bacısıdır.
O həzrət hicrətin 173-cü ilində Ziqədə ayının birində Mədinə şəhərində anadan olub. Hələ uşaq yaşlarında atasının şəhid edilməsi kimi ağır bir müsibət ilə üzləşir və böyük qardaşı İmam Rza(ə) tərəfindən tərbiyə edilir.
Həzrət Məsumə(s) qardaşı İmam Rza(ə)-ın Mərv şəhərinə sürgün edilməsindən bir il sonra onu görmək üçün Mədinə şəhərini Xorasan istiqamətində tərk edir.
Amma, Xorasana çatmamış Qum şəhərində vəfat edir. O həzrətin pak məqbərəsi də Qum şəhərindədir.