
Aksiyaçıları mühakimə edirlər
Azərbaycan Respublikasında Martın 10-da «Əsgər ölümlərinə son» şüarı ilə keçirilən aksiyada həbs olunan AXCP üzvləri Təzəxan Mirələmli, Türkel Əlisoy, Aqil Əliyev, Vüsal Bayramov və Zaur Məmmədov Səbail rayon polis idarəsində saxlanılırlar. Bu gün onların məhkəmə qarşısına çıxarılacağı bildirilir.
Qeyd edək ki, martın 10-da Bakıda “Əsgər ölümlərinə son” şüarı ilə keçirilən aksiyada həbs olunaraq Səbail polisində saxlananlardan bir qrupu avtobusla Qobustan istiqamətinə aparılaraq daha sonra sərbəst buraxılıb
Bundan əvvəl isə təkcə Yasamal Rayon Polis idarəsindən ümumilikdə 66 nəfər aksiya iştirakçısı sərbəst buraxılmışdı. Yasamal polisində saxlanılan hüquq müdafiəçisi İntiqam Əliyev bir qədər əvvəl sərbəst buraxılıb. O, müsahibəsində aksiyaya gedərkən yolda saxlandıqlarını deyib. “Biz bir qrup hüquqşünas belə qərara almışdıq ki, aksiya keçiriləcək meydana “Nizami” nin abidəsi tərəfdən gedək. Yolda bizi görən, bir polis polkovniki bizə yaxınlaşdı hara getdiyimizlə maraqlandı. Dedik aksiyaya gedirik. Bundan sonra polislərə göstəriş verdi və hamımızı maşınlara mindirib Yasamal polisinə gətirdilər”.