
Avropadan Azərbaycana yeni əmrlər
Avropa Birliyinin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle Azərbaycan üzrə hesabat təqdim edib.
Martın 20-də nəşr olunan hesabatda Azərbaycanın 2012-ci ildə Avropa Birliyinin yaxın qonşuluq siyasəti çərçivəsində gördüyü işlərə qiymət verilir.
Hesabatda deyilir ki, keçmiş dövrlə müqayisədə inkişafa baxmayaraq Azərbaycan özünün demokratiya öhdəliklərinə (seçki prosesi, insan haqlarının müdafiəsi və fundamental azadlıqlar, ədliyyə sistemi) cavab vermək üçün səylərini davam etdirməlidir.
Qeyd olunur ki, Azərbaycan 2011-ci ilin hesabatında göstərilən tövsiyələrin yalnız bir neçəsinə ünvanlanmış işlər görüb – İnsan Haqları Fəaliyyət Planını həyata keçirməyə başlayıb, ədliyyə islahatlarını davam etdirib, söküntülər və zorla köçürmə problemi sarıdan bəzi addımlar atıb.
Hesabatda deyilir ki, pul yuma və insan alveri ilə mübarizədə tərəqqi müşahidə olunur, ancaq korrupsiya sahibkarlığın inkişafı və iqtisadiyyatın diversifikasiyası yolunda ən böyük əngəldir.
Sənəddə bildirilir ki, Azərbaycan Avropa Şurası Parlament Assambleyasının siyasi məhbuslar üzrə məruzəçisi ilə əməkdaşlıq etməyib.
Azərbaycana yeni tövsiyələr isə bunlardır:
– AŞPA-nın 23 yanvar 2013-cü il qətnaməsinin həyata keçirilməsi
– 2011-ci ildə qəbul olunmuş İnsan Haqları Fəaliyyət Planının həyata keçirilməsinin davam etdirilməsi
– Madrid prinsipləri üzrə sazişə gəlinməsində Ermənistanla birgə səyləri artırmaq, sülh yaratma fəallığını həvəsləndirmək və dəstəkləmək
– Avropa Birliyi təmsilçilərinin Dağlıq Qarabağ və ətraf regionlara maneəsiz çıxışını təmin etmək
– Diffamasiyaya və təhqirə görə cinayət məsuliyyətinin ləğvini nəzərdə tutan qanunun qəbulu
– Seçki qanunverciliyini ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun tövsiyələrinə uyğunlaşdırmaq və onun effektiv tətbiqini təmin etmək
– Sərbəst toplaşmaq azadlığı, təşkilatlanma azadlığı və media qanunverciliklərini beynəlxalq standartlara uyğunlaşdırmağı davam etdirmək və onların tətbiqini təmin etmək
– Jurnalistlərə və fəallara qarşı sıxışdırmaların istintaqlarında səyləri artırmaq
– Ədliyyənin müstəqilliyi yönündə səyləri artırmaq
– İctimai maliyyə idarəçiliyinin vacib məsələlərinə, xüsusilə büdcə ilə bağlı aşkarlığa və cavabdehliyə diqqət yetirmək.
