Höccətül-İslam vəl-müslimin Həsən Ruhani BMT baş assambleyasının 68-ci sesiyasında etdiyi önəmli çıxışında beynəlxalq və regional vəziyyəti dəqiq şəkildə açıqlayaraq İran İslam Respublikası tərəfindən beynəlxalq ictimaiyyətin üz-üzə durduğu hazırkı vəziyyətdən çıxış yollarına dair təkliflərini təqdim edib.
İran İslam Respublikası prezidentinin BMT-dəki çıxışının tam mətni:
بسم الله الرحمن الرحیم
«الحمد لله رب العالمین و الصلوه و السلام علی سیدنا و نبینا محمد و اله الطاهرین و صحبه المنتجبین»
Cənab sədr! Cənab baş katib! Hörmətli xanımlar və cənablar!
İlk öncə cənabınızın baş assambleyanın sədrliyi vəzifəsinə layiqli seçilmənizə görə sizi təbrik edirəm və Cənab Ban Ki Munun səylərini yüksək qiymətləndirirəm.
Yaşadığımız dünya qorxu və ümidlə doludur. Dünya və region səviyyəsində müharibə və düşmənçi mövqelərdən, ölümcül dini, etnik və milli qarşıdurmalardan, ekstremizmin kök salmasından, yoxsulluq və dağıdıcı ayrı-seçkilikdən, əsas mənbələrin məhv edilməsindən, İnsan haqları və kəramətinə laqeydlikdən və əxlaqın görməməzliyə vurulmasından qorxu, bu qəbildəndir.
Bütün bu qorxu amilləri qarşısında yeni ümidlər də var. Dünya boyu ziyalılar və xalqların “sülhə hə və müharibəyə yox” mövqeyinə yönələcəyinə, dialoqun qarşı durmaya, mötədilliyin ifratçılığa üstün tutulacağına ümid var.
Buna canlı bir nümunə İranın böyük xalqı tərəfindən son seçkilərdə ümid, tədbir və mötədilliyin seçilməsidir ki, dini demokratiyanı və hökumətin dinc transferini nümayiş etdirərək göstərdi ki, İran regional hərc-mərcliklər dənizində səbatlı limandır. Hökumət və xalqımızın davamlı sülh, sabitlik, sakitlik, münaqişələrin dinc həllinə dərindən inanması və gücün arxası olaraq ümumi fikrin rəyinə sövkənməsi belə bir əmin-aman mühitin hazırlanmasında böyük rola malik olmuşdur.
Cənab sədr! Xanımlar və cənablar!
Beynəlxalq əlaqələrdə hazırkı həssas keçid dövrü, təhlükələrlə dolub, ancaq eyni zamanda nadir fürsətlərdə var. Özü və başqalarının vəziyyəti barədə hər hansı qeyri-düzgün hesablama tarixi ziyanlara gətirib-çıxara bilər və bir oyunçunun xətası başqalarına mənfi təsir buraxar. Zərər görmək artıq dünya səviyyəsində yayğın fenomenə çevrilib. Dünya münasibətləri tarixinin belə bir həssas keçid dövründə yekun nəticəsi sıfır olan oyunların dövrü bitib, amma hələ də az sayda oyunçular effektsiz köhnə metodlardan istifadə edirlər ki, özlərinin keçmişdəki hegemoniyaları və üstünlüklərini saxlasınlar. Militarizm və başqalarını qorxutmaq üçün hərbi vasitələrə əl atmaq yeni şəraitdə köhnə metodların davam etməsinin effektsiz nümunələrindən biridir.
Keçmişdəki hegemoniya və üstünlüyü qoruyub-saxlamaq üçün həyata keçən zorakı iqtisadi və hərbi təşəbbüslər, müəyyən qəliblərlə yanaşı olub ki, hamısı sülhə, təhlükəsizliyə, insani kəramətə, bəşəri amallara ziddir.
Bu qəliblərdən biri, cəmiyyətləri eyniləşdirmək, qərb dəyərlərini ümum dünya dəyərlər kimi hamıya sırımaqdan ibarətdir. Başqa qəlib, soyuq müharibə mədəniyyətini saxlamaq, dünyanı “ üstün olan biz” və “ aşağı olan başqaları” kimi iki düşərgəyə bölməkdir. Növbəti məfhum qəliblərindən biri isə, beynəlxalq ictimaiyyətdə yeni oyunçuların ərsəyə gəlməsinə qarşı qorxu və təhdid atmosferi yaratmaqdır.
Belə bir atmosferdə hökumət və qeyri hökumət, dini, və firqə və hətta irqi zorakılıqlar artıb və hətta super güclər arasında da sakitlik dövrünün kobud rəftarlar və bəyanatlar tələsinə düşməməsinə heç bir təzminat yoxdur. İfratçı və kobud çıxışların faciəli təsirini görməməzlikdən keçmək olmaz.
Bu arada, regional oyunçuları öz təbii mühitlərindən silmək üçün, nəzarətə almaq siyasətləri, sərhəddən kənar siyasi quruluşları dəyişmək və siyasi hüdudları dağıtmaq üçün gedən səylər son dərəcə təhlükəli və böhran yaradandır.
Qəbul edilmiş beynəlxalq diskussiyada yanları qeyri sivil olan bir sivil mərkəz təsvir edilib. Bu təsvirdə dünya gücünün mərkəzi ilə kənarları arasındakı nisbət, əmr edən nisbət kimi nəzərə alınıb. Mərkəzləşmiş şimal və kənarlaşmış cənub diskussiyası beynəlxalq səviyyədə monoloq sistemin yaranmasına səbəb olub.
Qeyri-düzgün mentalitet sərhədlərinin yaradılması və əcnəbilərə yayğın kobud münasibət bu diskussiyanın qəhrəmanlığının nəticəsidir. əsassız anti-din, islamofob, anti-şiə, İranofob təbliğat diskussiyaları əslində beynəlxalq stabillik və insani təhlükəsizliyə qarşı ciddi təhdiddir.
Bu təbliğat diskussiyası, xəyali təhdidləri aşılamaqla özünə daha təhlükəli sifət yaradır. Bu kimi xəyali təhdidlərdən biri də, xəyali İran təhlükəsidir. Belə bir əsassız təhdid bəhanəsi ilə, son 30 ildə hansı cinayət və anormal hərəkətlərə əl atılmayıb? Səddam Hüseynin kimyəvi silahlara təchiz edilməsi, Taliblərə dəstək verilməsi bu cinayətlərin sadəcə bəzi nümunələridir. Bir mənalı şəkildə, tam qətiyyətlə, faktlara istinadla bildirirəm ki, İranın təhdid olduğundan dəm vuranlar, ya özləri beynəlxalq sülh və təhlükəsizliyə qarşı təhdiddirlər ya da təhdidləri qızışdırırlar. İran nəinki təhdid deyil , hətta amalda və əməldə daima ədalətli sülhə və hərtərəfli təhlükəsizliyə çağırmışdır.
Cənab sədr! Xanımlar və cənablar!
Dünyanın çox az yerində, kobudluq Asiyanın qərbi və Afrika kimi dağıdıcı olub. Əfqanıstana hərbi müdaxilə, Səddam Hüseynin İrana qarşı qəbul etdirdiyi müharibə, Küveytin işğalı, İraqa qarşı hərbi müdaxilə və Fələstin xalqına qarşı kobud repressiyalar, İranda adi insanlar və siyasi simalara qarşı terrorlar, İraq, Əfqanıstan və Livan kimi ölkələrdə bomba partlayışları, son 30 il ərzində regiondakı kobudluqlara nümunədir. Məzlum Fələstin xalqının başına gətirilənlər isə, sistematik kobudluqdan başqa bir şey deyil. Fələstin torpaqları işğal altındadır, Fələstinlilərin ilkin hüquqları faciəli şəkildə tapdalanır və onlar öz doğma yurdlarına, ev-eşiklərinə qayıtmaq haqqından məhrum ediliblər. günahsız Fələstin xalqına edilən cinayətlər, kök salmış bir kobudluğu nümayiş etdirir ki, onu vəsf etmək üçün aparteid sözü çox zəif görünür.
Suriyadakı insani faciə regionda kobudluq və ifratçılığın faciəli yayılmasına başqa nümunədir. Böhranın əvvəlindən, bəzi regional və beynəlxalq oyunçuların Suriyaya silah və informasiya axıtdıqları və ifratçıları gücləndirdikləri və böhranı hərbiləşdirməyə cəhd göstərdikləri ilk günlərdə biz Suriya böhranının hərbi həll yolunun olmadığını vurğuladıq.
Strateji və ekspansionist məqsədləri, regional balansı dağıtmaq niyyətlərini humanist bəyanatlar arxasında gizlətmək olmaz.
Beynəlxalq ictimaiyyətin ortaq məqsədi, günahsız insanların qırğınına son qoymaq olmalıdır. Biz hər hansı kimyəvi silahdan istifadəni pisləyərək, kimyəvi silahlardan istifadəni qadağa edən konvensiyanın Suriya tərəfindən qəbul edilməsini müsbət qarşılayırıq, biz hesab edirik ki, bu kimi silahların terrorçu və ifratçı qrupların əlinə keçməsi region üçün ən böyük təhlükədir və bu məsələ diqqətdə saxlanılmalıdır. Eyni zamanda qeyri-qanuni və effektsiz olaraq güc tətbiqi ilə hədələmək, sadəcə regionda böhran və kobudluğun yayılmasında gətirib çıxarar.
Terrorizm və günahsız insanların öldürülməsi, ifratçılıq və kobudluğun kulminasiya nöqtəsidir. Terrorizm, kobud, sərhəd tanımayan, yayğın bir bəladır. Amma terrorizm ilə mübarizə adı altında pilotsuz təyyarələrdən istifadə edilərək günahsız insanlara qarşı edilən kobudluq və ifratçılıq da pisləniləsidir.
Bura da İranın nüvə alimlərinin cinayətkarlar tərəfindən terror edilmələrindən danışmalıyam. Onlar hansı günahlarına görə terror edildilər?
BMT və Təhlükəsizlik Şurasından soruşulası məsələ budur ki, görəsən, terror törədənlər məhkum olublar? Ədalətsiz sanksiyalar, kobudluğun digər bir cilvəsi kimi əsasən sülh və bəşəriyyətə qarşıdırlar ki, sanksiya edənlərin təbliğatlarının əksinə olaraq, dövlətləri və siyasi xadimləri hədəfə almırlar, əslində hamıdan çox adi xalqı öz siyasi davalarının qurbanı edirlər. Milyonlarla iraqlını unutmayaq ki, beynəlxalq orqanlarda hüquqi kağızlarla hazırlanmış sanksiyalar nəticəsində zərər çəkdi; həyatını itirdi və hələ onların böyük bir hissəsi bütün ömrü boyu əzab çəkməlidir.
Bu sanksiyalar kobud formalıdırlar. Ağıllıları, qeyri-ağıllıları, birtərəfli və çoxtərəfliləri yoxdur. Bu sanksiyalar qanuni insan haqlarını, o sıradan sülh haqqı, inkişaf haqqı, səhiyyə nailolma haqqı, təhsil haqqı və hamıdan daha yuxarı olan həyat haqqını pozurlar. Sanksiyaların nəticəsi, hər cür ifadələr və kəlmələrlə oynamalara rəğmən, məhz odla oynama, militarizm və insanların məhv edilmələridir. Bu od təkcə sanksiya qurbanlarını bürümür, həm də sanksiya edən cəmiyyətlərin xalqlarının iqtisadiyyatı və həyatlarına da xələl gətirir.
Cənab sədr, xanımlar və cənablar!
Kobudluq və ifratçılıq bu gün nəinki maddi miqyasları, həm də müasir cəmiyyət və insanın mənəvi cəhətlərini də əhatə edibdir. Kobudluq və ifratçılıq modern cəmiyyət və insanın həyatına lazım olan anlaşma üçün bir yer qoymur. Təmkinsizlik dünyanın bugünkü məsələsidir; təmkinliliyi dini təfəkkürlər, mədəni münasibətlər siyasi həll yollarında gücləndirmək lazımdır. İnsan cəmiyyətini mənfi təmkinlilik mərhələsindən kooperasiya mərhələsinədək yüksəltmək gərəkdir. Başqalarına təkcə dözmək lazım deyil, həm də başqaları ilə işləmək gərəkdir.
Dünya xalqları müharibə, kobudluq və ifratçılıqdan yorulublar və bu, misilsiz bir fürsətdir. Onlar hazırkı durumun dəyişiləcəyinə ümid edirlər. İran İslam Respublikası inanır ki, ümid və mötədilliyin qarışığından bütün problemləri idarə etmək olar. Müharibə qızışdıranlar ümidləri qırmaq istəyirlər. Halbuki müsbət dəyişikliyə ümid fitri, dini, əhatəli və beynəlxalq bir anlamdır.
Ümidin bünövrəsi məsuliyyətli insani əməl və seçimə qiymət vermək, icbari strukturlarla müxalifət, dəyişiklik qəbuletmə, kobudluq və ifratçılıqla mübarizə üçün dünyanın ümumi fikrinin iradəsinə inamdır. Ümid, şübhəsiz, mehriban allahın bütün insanlara verdiyi böyük nemətlərindən biridir. Mötədillik də reallıqları nəzərəalma və təsirli strategiyaları seçmə, yüksək amalların birləşdirilməsində zamana uyğun və məkana uyğun, sayıqcasına və aqilanə hərəkət mənasındadır.
İran xalqı son seçkilərdə sayıqcasına bir hərəkətdə ümid, tədbir və mötədillik nəzəriyyəsinə səs verdi. Xarici siyasətdə ümid, tədbir və mötədilliyin qarışığı o deməkdir ki, İran İslam Respublikası regional bir qüdrət kimi region və dünyanın təhlükəsizliyi ilə bağlı məsuliyyətli tərzdə rəftar edir və bu sahələrdə məsuliyyət daşıyan digər oyunçularla çoxtərəfli və hərtərəfli həmkarlığa hazırdır. Biz dünyanın hər yerində, o cümlədən Suriyada, Bəhreyndə və regionun digər ölkələrində səs qutusu və demokratiyaya əsaslanan sülhüm müdafiə edirik və bu qənaətdəyik ki, beynəlxalq böhranlar üçün kobudcasına yollar mövcud deyil və təkcə insan ağılının köməyi, habelə anlaşma mötədilliklə cəmiyyətin acı gerçəkliklərinə qalib gəlmək olar. Buna görə, sülh və demokratiyaya zəmanət və dünyada, o sıradan Yaxın Şərqdə bütün ölkələrin qanuni maraqlarının təmini hərbçiliklə reallaşmayacaq.
İran problem yaratmaq deyil, məsələlərin həllinin ardıncadır. Heç bir iş və məsələ yoxdur ki, ümid və mötədillik, qarşılıqlı hörmət və kobudluq və ifratçılığın rədd edilməsi ilə həll olunmamış olsun. İcazə verin, İranın nüvə işinə işarə edim. İslam İnqilabının Böyük Rəhbərinin buyurduqları kimi, İranın təbii və qanuni haqqını qəbul etmək, bu məsələnin ən sadə həll yoludur. Bu, siyasi bir şüar deyil, əksinə müştərək təhlükəsizlik və anlaşmaya nail olmaq üçün ortaq maraq və hədəflərə çatmaq zərurəti və sıfırın toplanmasının nəticəsi ilə oynamalara son qoymaq və beynəlxalq şəraiti və İranda texnologiyanın vəziyyətini dərin surətdə tanımağa əsaslanır. Başqa sözlə, İran və digər tərəflər İranın nüvə işinin siyasi həll yolunun iki ayrılmaz hissəsi kimi iki müştərək hədəfi izləməlidirlər.
Bir- İranın və bütün digər ölkələrin nüvə proqramları yalnız dinc məqsədlər istiqamətində olmalıdır. Mən burada açıq şəkildə bildirirəm ki, bu məqsədlər digər oyunçuların mövqeləri nəzərə alınmadan İran İslam Respublikasının hədəfi olub və olacaqdır. Nüvə və kütləvi qırğın silahlarının İranın Müdafiə Doktrinasında yeri yoxdur və bizim əsas dini və əxlaqi inamlarımızla təzaddadır. Bizim milli maraqlarımız tələb edir ki, İranın nüvə proqramı ətrafındakı hər cür məntiqi nigarançılığı aradan qaldıraq.
İki- İkinci hədəf, yəni İran ərazisində zənginləşdirmə haqqı və digər nüvə hüquqlarının tətbiqinin qəbulu birinci hədəfin təmini üçün yeganə yoldur. İranda nüvə elmi yerliləşdirilib və nüvə texnologiyası, o sıradan zənginləşdirmə iri istehsal mərhələsinə çatıb. Buna görə, qanunsuz təzyiqlərin tətbiqi yolu ilə İranın nüvə proqramına mane olmaqla belə bir proqramın dinc məqsədli olmasına zəmanət verməyin mümkün olmasını təsəvvür etmək mövhumat və özü-özlüyündə qeyri-realcasınadır.
Bu üzdən, İran İslam Respublikası öz hüququnun tətbiq olunmasına və beynəlxalq həmkarlıq və hörmətin vacibliyinə israr edərək, tam şəffaflıq yolu ilə şübhələrin iki tərəfinin aradan qaldırılması və qarşılıqlı etimadın yaradılması üçün təxirsiz dialoqlara hazırdır.
İran digər ölkələrlə ortaq mənafe və qarşılıqlı hörmət əsasında səmərəli anlaşmanın ardıncadır və bu çərçivədə Amerika Birləşmiş Ştatları ilə çəkişmənin artmasının da ardınca deyil…
Ruhani “Obamanın bugünkü çıxışını diqqətlə izlədim” deyərək, bildirib: Amerika rəhbərlərinin siyasi əzmkarlıqları və militarist təzyiq qruplarının maraqlarını izləməkdən çəknimələri təqdirində, ixtilafları idarə etmək üçün bir çərçivəyə çatmaq olar. Bu çərçivədə bərabər mövqelər, qarşılıqlı hörmət və tanınmış beynəlxalq qanuni prinsiplər əsas götürülməlidirlər; əlbəttə, bu sahədə bizim Vaşinqtondan intizarımız, vahid səsi eşitməkdir.
Cənab sədr, xanımlar və cənablar!
Bu illərdə ardıcıl olaraq, belə bir qətiyyətli səs eşidilibdir ki; “Müharibə seçimi masa üzərindədir”, lakin bu gün qoyun, bu faydasız və qanunsuz ifadənin müqabilində deyim:” Sülh əldə olunasıdır”. Beləliklə, İran İslam Respublikasının adından ilk addımda təklif edirəm ki, “Kobudluq və ifratçılıq əleyhinə dünya” layihəsi BMT-nin iş gündəmində dursun və bütün dövlətlər, beynəlxalq təşkilatlar və hüquq orqanları dünyanı bu istiqamətə sövq etdirmək üçün yeni səylərə başlasınlar. Dünyanın müxtəlif məntəqələrində faydasız “Müharibə uğrunda koalisiya” seçimi yerinə, bütün dünyada “Davamlı sülh naminə koalisiya” barədə düşünmək lazımdır.
Bu gün İran İslam Respublikası sizi və bütün dünya ictimaiyyətini irəliyə doğru addım atmağa çağırır; “Kobudluq və ifratçılığa qarşı dünya”ya çağırış; biz qəbul etməli və burada bir üfüq aça bilməliyik ki, onda müharibə yerinə, sülh; kobudluq yerinə, həmkarlıq; qan axıdılması yerinə, inkişaf; ayrı-seçkilik yerinə, ədalət; yoxsulluq yerinə, malikolma; istibdad yerinə, bütün dünyada azadlıq daha yaxşı görünsün. İranın böyük şairi- Firdovsi demişkən; Çalışın, xeyirxahlıq gətirin, şaxta gördükdə, bahar gətirin.
Bütün problemlərə rəğmən, mən dərin surətdə gələcəyə ümidvaram. Kobudluq və ifratçılıq əleyhinə beynəlxalq həmrəyliklə şübhə etmirəm ki, gələcək parlaqdır. Mötədillik dünyanın gələcəyəni parlaq edəcəkdir. Mənim ümidim şəxsi və milli təcrübələrdən əlavə, bütün səmavi dinlərin bu müştərək inamından qaynaqlanır ki, dünyanın axırı yaxşı və parlaqdır- Və ləqəd kətbəna fi Əl-Zəbur min bəd Əl-Zikr innə əl-ərz yərsəha ibadi əl-salihun”