
Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Gürcüstan Prezidenti Mixail Saakaşvilinin Azərbaycana səfərindən sonra verdiyi bəyanatdan təəssüfləndiyini bildirib.
Novruz Məmmədov deyib : “ Bu bəyanata birmənalı münasibət bildirmək çətindir. Çünki bəyanatda qoyulan məsələlər təəccüb doğurur. Azərbaycanda və Gürcüstanda gedən proseslər arasında müəyyən oxşarlıq olsa da, tam paralellik aparmaq doğru deyil. Hər bir ölkənin daxili və xarici siyasətdə öz dəst-xətti var.”
Novruz Məmmədov əlavə edib : “Digər tərəfdən isə prezident Saakaşvilinin Rusiyadakı bir neçə azərbaycanlının Azərbaycana qarşı təhlükəli mövqedə olmaları barədə verdiyi bəyanatı yalnız onun özünün şəxsi mövqeyi hesab etmək lazımdır. Vahid Ələkbərov və digərləri haqqında prezident Saakaşvilinin dediyi fikirlərin həqiqətə uyğun olması inandırıcı deyil. Bu səfər zamanı Mixail Saakaşvilinin dediyi fikirlər ətrafında heç bir müzakirə aparılmayıb və ona ehtiyac da yox idi. Bəyanatda səslənən fikirlərə burada yer yoxdur və ola da bilməz. Mən təəssüf edirəm ki, o, Rusiya ilə bağlı fikirlərini Azərbaycana da aid edib!”
Qeyd etmək lazımdir ki, Saakaşvili Azərbaycan Respublikasından ölkəsinə qayıtdıqdan sonra demişdir : “Gürcüstan və Azərbaycan Rusiyadan qaynaqlanan real qeyri-sabitlik təhlükəsi ilə üz-üzədir”.
APA-nın “Qruziya onlayn”a istinadla yaydığı məlumata görə, Azərbaycana səfərini başa vuraraq geri qayıdan Gürcüstan prezidenti Mixail Saakaşvili Tbilisi aeroportunda jurnalistlərə verdiyi açıqlamada belə deyib.
Prezident qeyd edib ki, hər iki ölkəni əlavə muxtariyyətlər yaradılmaqla daha da parçalanmaq gözləyir, Azərbaycanda isə Gürcüstan ssenarisi üzrə dövlət çevrilişi hazırlayırlar.
Saakaşvili bildirib : “Rusiyada əslən Gürcüstanın Qardabani rayonundan olan Söyün Sadıqov adlı bir milyarder çıxıb və Gürcüstanda azərbaycanlılar üçün muxtariyyət əldə etməyə söz verib. Bu cür vədi ölkəmizdəki ermənilərə Gürcüstanın yeni hökumətinin əfv etdiyi erməni siyasi fəal Vaaqn Çaxalyan da verib. Sadıqov milyarder Vahid Ələkbərov və başqaları ilə əl-ələ verərək Gürcüstanda baş verənləri Azərbaycanda da həyata keçirmək istəyir və böyük pullar hesabına hakimiyyət dəyişikliyinə nail olmağa hazırlaşır”.
Mixail Saakaşvili Azərbaycana rəsmi səfərə fevralın 27-də gəlib. Fevralın 28-də səfər başa çatıb.