Elmar Məmmədyarovdan Pan Gi Muna məktub
Azərbaycan Respublikasının xarici işlər naziri BMT-nin baş katibinə ünvanlanmış məktubda Ermənistanın işğal altında olan Azərbaycan ərazilərinin fiziki və mədəni mahiyyəti habelə etnik tərkibini dəyişməyə cəhd göstərməsindən xəbər verib.
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov BMT baş katibi Pan Gi Muna ünvanlanmış məktubda işğal altında olan Azərbaycan ərazilərinin etnik demoqrafiyasının dəyişdirilməsi o cümlədən qanunsuz olaraq yaşayış massivlərinin salınması, qanunsuz olaraq hava limanının quraşdırılması və əlaqə yollarının çəkilməsi üzrə Ermənistanın səyləri barədə baş katibi məlumatlandırıb.
E.Məmmədyarov bildirib: Ermənistan Azərbaycanın işğal altında olan ərazilərinin coğrafi və tarixi adlarını qanunsuz olaraq dəyişir və bu ərazilərə qondarma adlar verir.
Bu məktubda həmçinin deyilir: Daxil olan məlumatlara görə, Ermənistan yaxın gələcəkdə işğal altında olan Qubadlı rayonu ərazisində 150 yaşayış evinin tikilməsi habelə, işğal altında olan Azərbaycanın Kəlbəcər rayonundan Ermənistanın Vardniş rayonuna qanunsuz olaraq şose yolunun çəkilməsini planlaşdırır.
Elmar Məmmədyarov BMT baş katibinə xitabən əlavə edib: Ermənistan Suriya ermənilərinin Azərbaycanın işğal edilmiş ərazilərinə köçürülməsi və məskunlaşdırılması prosesini davam etdirir və elə bu istiqamətdə son zamanlar 24 erməni ailəsi Laçında, 7 erməni ailəsi Zəngilanda, 27 erməni ailəsi isə Kəlbəcərdə məskunlaşdırılıb. Tezliklə daha 18 erməni ailəsinin Suriyadan Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə köçürülməsi planlaşdırılır.
Azərbaycan Respublikası xarici işlər nazirinin dediyinə görə, Ermənistan humanizm və insani fəlakətlərdən sui-istifadə edərək, işğal etdiyi Azərbaycan ərazilərində öz yerini möhkəmləndirməyə və işğalı davam etdirməyə səy göstərir. İrəvan sülh danışıqları fonunda yaranmış fürsətdən faydalanmağa çalışaraq işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətlər həyata keçirməkdədir. Beləliklə Azərbaycanı fakt qarşısında qoymağa çalışır. Bu isə şübhəsiz sülh danışıqları prosesinə zərbə vurmaqla münaqişənin həllində pozuculuq törətmək deməkdir ki, öz-özlüyündə regionun təhlükəsizliyinə qarşı ciddi təhdid sayılır.
E.Məmmədyarovun dediyinə görə, Azərbaycanın işğal edilmiş ərazilərində bu kimi fəaliyyətlərin həyata keçirilməsi, eyni zamanda Qarabağ sülh müzakirələrində heç bir irəliləyişin müşahidə olunmaması, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini özünə birləşdirmək cəhdinin davam etməsindən və qeyri-konstruktiv siyasətindən xəbər verir.