
Ağ ev rəsmən bildirib ki, ABŞ prezidenti Barak Obama Azərbaycan Respublikası hökumətinin təşəbbüsü ilə Dağlıq Qarabağın işğalı və Xocalı soyqırımı ilə bağlı imzalamış petisiyalarla bağlı rəsmi açıqlama verməyəcək.
AzərTAc-ın məlumatına görə, Ağ evin cavab məktubunda vurğulanır ki, ABŞ prezidenti Barak Obama petisiyalarda qeyd olunan məsələ ilə bağlı rəsmi açıqlama vermir.
Ağ evin məktubunda eyni halda yazılıb : “Lakin Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan münaqişəsi zamanı insanların faciəli ölümünə dərindən təəssüflənir. Bu, bir daha onu xatırladır ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil. Münaqişənin yalnız sülh yolu ilə nizamlanması regionda sabitlik, çiçəklənmə və barışığı təmin edə bilər”.
Ağ ev bir daha ATƏT-in Minsk qrupunu dəstəkləyərək əlavə edib : “ATƏT-in Minsk qrupunun həmsədri sülhün əldə olunması üçün bütün tərəflərlə əməkdaşlığa sadiqdir”.
Yanvarın 23-də Ağ evin rəsmi səhifəsinin “Biz xalqıq” (We the People) bölməsində Barak Obama administrasiyasının diqqətini Dağlıq Qarabağ münaqişəsinə və Azərbaycan torpaqlarının 20 faizinin işğal olunması faktına cəlb etmək məqsədi ilə petisiya yerləşdirilmişdi. Petisiyanı imzalayanlar ABŞ prezidenti administrasiyasını Xocalıdakı qanlı qırğınları tanımağa, faciə qurbanlarının xatirəsini anmağa və proklamasiya qəbul etməyə çağırırlar.