
Britaniyada mühacirətdə yaşayan 67 yaşlı Boris Berezovski London yaxınlığındakı evində ölü tapılıb.
Rusiya prezidenti Vladimir Putinin rəqibi və Kreml tərəfindən axtarışa verilən Berezovskinin hansı şəraitdə öldüyü hələ ki məlum deyil. 2000-ci ilin yayında Berezovski Dövlət Duması millət vəkili mandatından imtina etmiş, payızda isə, təzyiqə məruz qaldığını deyərək Rusiyanı tərk etmişdi.
Həmin vaxtdan o Londonda, mühacirətdə yaşayırdı. Rusiyalı sahibkar 2003-cü ildə Britaniyada siyasi mühacir statusunu qazanmışdı.
Nə vaxtsa Rusiyada ən nüfuzlu şəxslərdən biri sayılan sahibkar keçmiş sovet məkanında demokratik islahatları dəstəkləmək üçün Nyu-Yorkda Vətəndaş Azadlıqları Fondunu təsis etmiş və Putin rejiminə müxalif Liberal Rusiya Partiyasını yaratmışdı.
Boris Berezovski Rusiyada qiyabi məhkum olunmuşdu. Moskva sahibkarın ekstradisiyasını tələb etsə də, buna nail ola bilməyib.
2006-cı ilin payızında Berezovskinin silahdaşı Klikləyin Aleksandr Litvinenko Londonda polonium-210 radioaktiv izotopla zəhərlənmişdi.
Rəsmi Moskva cinayətdə Berezovskinin əli olduğu ehtimalını irəli sürmüş, öz növbəsində, biznesmen “Litvinenko işində” Kremlin əli olduğunu demişdi.
Berezovskiyə qarşı 6 dəfə sui-qəsd və sui-qəsd cəhdləri edilib. Son dəfə o, 2007-ci ildə Londonda sui-qəsd cəhdinə məruz qalmışdı.
Cəhdlərdən biri nəticəsində onun sürücüsü həlak olmuş, mühafizəçisi ağır yaralanmış, Berezovski isə yanıqlar almışdı. Bu sui-qəsdlərdən heç birinin üstü açılmayıb.
Berezovski Rusiayda qaibi fırıldaqçılıqda və ASC AvtoVAZ və QSC LoqoVAZ arasında iri partiya avtomobil təchizatı üzrə müqavilə imzalanarkən, cinayətkarlıqla əldə edilmiş maliyyə vəsaitlərinin leqallaşdırılmasında ittiham olunub və 13 il müddətinə həbsə məhkum edilmişdi.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, on ildən çox mühacir həyatı yaşayan iş adamı Boris Berezovski ölümündən bir müddət əvvəl Vladimir Putinə məktub ünvanlayıb. “Vesti” telekanalının verdiyi xəbərə görə, məktubda o prezidentdən bağışlanmasını və Rusiyaya dönməsinə icazə verilməsini xahiş edib. “Bir müddət əvvəl Berezovski Vladimir Putinə ünvanladığı məktubda çoxlu səhv buraxdığını etiraf edərək, Putindən bu səhvlərə görə üzr istəyib və ondan xahiş edib ki vətənə dönməsinə kömək etsin”.
Bu arada Boris Berezovskinin yaxın dostu lord Bell Berezovskinin vəfat etdiyini təsdiqləyib. Onun sözlərinə görə, bu xəbəri ona sahibkarın şəxsi vəkili Aleksandr Dobrovinski verib. “İndicə mənə Londondan zəng edib bildirdilər ki, Boris Berezovski intihar edib… Son zamanlar o çox pis vəziyyətdə idi: borc içində üzürdü, tam müflis olmuşdu, şəkilləri və bir neçə başqa şeyləri satışa qoymuşdu. Badri Patarkatsişvilinin ölümü onun üçün çox ağır bir zərbə oldu. Bizim ümumi tanışlarımız mənə bildiriblər ki, o bu günlərdə harasa getmək məqsədi ilə onlardan bilet almaq üçün beş min dollar istəyib”.
B.Berezovski 1946-cı ilin yanvarın 23-də anadan olub. 1991-ci ilin dekabrın 7-dən riyaziyyat, mexanika, informatika üzrə Rusiya Elmlər Akademiyasının müxbir üzvüdür. 1989-cu ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayıb – bir neçə iri şirkətlərin təsisçisi, aktivlərinin sahibi və top meneceri olub. Rusiyanın birinci prezidenti Boris Yeltsinin dövründə MDB-nin icraçı katibi və Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının katibinin müavini vəzifələrində çalışıb. 2000-ci ildən Rusiyadan kənarda yaşayıb.