
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi deyib: 5+1 Qrupu təklif edib ki, qarşıdan gələn 6 ay ərzində qarşılıqlı etimadın yaradılması istiqamətində əməli addımlar atılsın.
Səid Cəlili 5+1 Qrupu ilə müzakirələr başa çatdıqdan sonra Qazaxıstanın Almatı şəhərində mətbuat konfransında deyib: Bəzi cavablar öncəki cavablarla müqayisədə daha real idi və bəzi məsələlərdə baxışların İranın mövqeyinə yaxınlaşdırılmasına səy göstərilmişdi.
S.Cəlili əlavə edib: Atılacaq addımlar paralel formada və eyni zamanda atılmalıdır və İranın hüquqları da inkar edilməməlidir.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi daha sonra deyib: Bu əsasda qərara alındı ki, martın 16-sı və 17-də İstanbulda ekspertlər səviyyəsində iclas keçirilsin və aprelin 5-də də bir daha Almatıda İran ilə 5+1 Qrupu arasında görüş baş tutsun.
Cəlili Qazaxıstan müzakirələrini irəliyə doğru müsbət addım adlandırıb və deyib: Bu müzakirələr konstruktiv atmosferdə keçirilib və qarşılıqlı olaraq əməli addımların atılması ilə bu prosesi təkmilləşdirmək olar.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Tehranın daim müzakirələrə açıq olduğunu bildirərək deyib: Müzakirələr və əməkdaşlıqların davamı üçün faydalı ola biləcək addım danışıqların davam etdirilməsidir.