
Mazandaran ostanı və Azərbaycan Respublikası arasındakı əməkdaşlıq zəminləri
Azərbaycan rəsmiləri ilə görüşüb, danışıqlar aparmaq üçün hazırda Bakıda səfərdə olan Mazandaran ostandarı Seyid Ələkbər Tahayi dünən cümə günü Trend Xəbər Agentliyi ilə müsahibədə azərbaycanlı sərmayə sahiblərini Mazandaranda neftayırma zavodunun quraşdırılmasında iştiraka dəvət edib.
Tahayi əlavə edib: Mən Azərbaycan rəsmiləri ilə söhbətlərimdə bildirdim ki, istər Azərbaycan istərsə də digər qonşu ölkələrdən olan azərbaycanlı sərmayə sahibləri istər fərdi istərsə də müştərək formada Mazandaran ostanında neftayırma zavodunun quraşdırılması və ya kənd təsərrüfatı sənayesində sərmayə qoya bilərlər. O, Mazandaran ostanında 200 min barel neft emalı gücünə malik bir neftayırma zavodunun quraşdırılacağından xəbər verərək, bu layihənin icrası üçün hökumət tərəfindən 200 hektar ərazinin ayrıldığını bildirib və deyib: Bu neftayırma zavodunu quraşdırmaq üçün ekologiya və ətraf mühit lisenziyası da alınıb. Yəni, artıq sərmayə qoyuluşuna tam hazırdır və azərbaycanlı sərmayə sahibləri bu fürsətdən yararlana bilərlər.
Tahayi həmçinin, kənd təsərrüfatı sahəsində əməkdaşlıqların genişləndirilməsini istəyib və deyib: İranda quşçuluq sektorunun ən mühüm və inkişaf etmiş mərkəzlərindən biri Mazandarandır. Yəni ölkənin quşçuluq sektorunun 11%-i Mazandaran ostanına aiddir və ildə 180 min ton quş əti istehsal edir.
O, həmçinin azərbaycanlı sərmayə sahiblərini quş yemi, qaramal yemi, silos, qarğıdalı və soya təminatında iranlı tacirlər və iş adamları ilə əməkdaşlığa çağırıb.
Seyid Ələkbər Tahayi Mazandaran ostanı ilə azərbaycanlı iş adamları arasındakı əməkdaşlıq zəminlərindən birini də dəniz qəfəslərində ziyad və kürü balıqlarının yetişdirilməsi adlandırıb və deyib: Hal hazırda ostan səviyyəsində 6 bu kimi layihə icra olunub və bu təcrübə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və azərbaycanlı iş adamları üçün faydalı ola bilər.
Tahayi İranın şimal ostanları ilə Azərbaycan Respublikası arasındakı əlaqələrin inkişaf sürətinin zəif olmasının səbəblərindən birini iki tərəf arasında hava əlaqəsinin olmaması adlandırıb və deyib: İranın şimal ostanları ilə Bakı arasında birbaşa hava reyslərinin yaradılması və gəmiçilik sahəsinin inkişaf etdirilməsi həm turizm sektorunun inkişafına kömək edə, həm də yüklərin hava və dəniz yolları ilə daşınmasını asanlaşdıra bilər.
O, hazırda Azərbaycan Respublikasından bir çox insanın müalicə olunmaq üçün İranın şimal ostanlarına müraciət etdiklərinə işarə edərək, deyib: Mazandaran ostanı xəstəxanaları da azərbaycanlılara tibbi xidmətlər göstərməyə hazırdırlar.
Mazandaran ostandarı iki ölkə universitetləri arasında da əməkdaşlıqların genişləndirilməsini vacib adlandırıb və deyib: Mazandaranın Tibb Universiteti böyük inkişafın şahidi olub və hazırda açıq ürək əməliyyatı, beyin əməliyyatı və digər mürəkkəb cərrahiyyə əməliyyatlarını həyata keçirir. Bundan başqa, Mazandaran ostanında 2 tibbi universiteti fəaliyyət göstərir.
Qarabağ müharibəsi didərginlərinin gündəlik ehtiyaclarını təmin etdik
Ələkbər Tahayi əlavə edib: Azərbaycan Respublikası bizim mühüm qonşumuz və qardaşımız olaraq, İran ilə bir çox mədəni və qədim bağlara və ortaqlıqlara malikdir.
“Mənim Azərbaycan ilə tanışlığım 1992-ci ilə qayıdır. O zaman mən Gilan ostandarı idim. Azərbaycan o zamanlar Qarabağ müharibəsi ilə məşğul idi. Çoxlu sayda insan şəhid olmuşdu. Ölkə bir çox problemlərlə üzləşmişdi. Hələ ki, buğda emalı zavodları və quşçuluq sənayesi formalaşmamışdı. Belə bir zamanda şəhid ailələri və müharibə didərginlərinin gündəlik ehtiyaclarını təmin etmək üçün İran Azərbaycanın köməyinə tələsdi.” – deyə Tahayi qeyd etdi.
Bu gün Azərbaycanın inkişaf etdiyini və ölkədə mühüm dəyişikliklərin baş verdiyini deyən Tahayi Azərbaycanın bir çox sahələrdə o cümlədən zavod, fabrik, otellər, şose yolları, hava limaları və bir çox digər sahədə inkişafa nail olduğunu bildirib.
Tahayi hazırda Mazandarandan Azərbaycana sement ixrac edildiyinə toxunaraq, deyib: Mazandaranın Nokay sement zavodunun əsas müştərilərindən biri Azərbaycan Respublikasıdır.
Ələkbər Tahayi sement ilə yanaşı Mazandarandan Azərbaycana gül, dekorativ bitkilər, sitrus meyvələri və sənaye məhsullarının da ixrac edildiyini bildirib.