
Sionist rejim hərbçilərinin İordan çayının qərb sahilində fələstinli aksiya iştirakçılarına hücumu zamanı onlarla nəfər yaralanıb.
Sionist rejim hərbçiləri cümə günü Qüdsün şərqində yerləşən Ənata kəndində İsrailin irqçi siyasətlərinə etiraz olaraq aksiya keçirən cümə namazı iştirakçılarına hücum ediblər. Tərəflər arasında baş verən qarşıdurma zamanı sionist rejim hərbçiləri gözyaşardıcı qazlar və döyüş güllələrindən istifadə ediblər ki, nəticədə onlarla fələstinli yaralanıb. Səlfit vilayətində də Haris və Bruqin kənd sakinlərinin dinc etiraz aksiyası sionist rejim hərbçilərinin hücumuna məruz qalıb. İsrail rejimi tərəfindən torpaq ərazilərinin müsadirə edilməsinə etiraz edən aksiya iştirakçılarından bir neçəsi toqquşma nəticəsində yaralanıb.
İordan çayının qərb sahilində, Nablos şəhərinin mərkəzində cümə namazında iştirak edən fələstinlilər də namazdan sonra sionist rejim məhbəslərində saxlanılan fələstinli əsirlərlə həmrəyliklərini elan etmək üçün yürüş təşkil ediblər.
İsrail hərbçiləri burada da fələstinlilərə hücum ediblər.
Əl-Əqsa Məscidi də cümə namazından sonra İsrail rejimi tərəfindən Qüdsdə Marafon yarışlarının təşkil edilməsinə qarşı etirazların şahidi olub. Etirazçılar əllərində Fələstin bayrağını dalğalandıraraq, fələstinli əsirlərin azad edilməsini və milli barışıq anlaşmasının reallaşdırılmasını istəyiblər.
Sionist rejim hərbçiləri Qüdsün cənubunda Beyt Səfafa kəndində nümayiş iştirakçılarına hücum edərək, 8 fələstinlini həbs ediblər. Nümayiş iştirakçıları Fələstin ərazilərində qanunsuz olaraq yəhudi qəsəbələrinin salınmasına etiraz ediblər.
Əl-Məsərə və Kəfər Qudum kəndləri də bu gün ayrıcı divara və yəhudi qəsəbələrinin salınmasına qarşı həftəlik etiraz aksiyasının şahidi olub. Aksiya iştirakçıları fələstinli əsirlərlə qanunsuz rəftarları tənqid edərək, dünya ictimaiyyəti və beynəlxalq qurumların fələstinli əsirlərin azadlığı uğrunda addımlar atmasını istəyiblər.
Sionist rejim hərbçiləri bu iki kəndə də hücum edərək, bir qrup insanı yaralayıb və həbs ediblər.