Bu ilin avqust ayında təmas xəttində əsir düşmüş Ermənistan hərbçisi Akop İnciqulyan noyabrın 1-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə ilə görüşdə Azərbaycanda ona çox yaxşı qayğı göstərildiyini, yüksək şərait yaradıldığını qeyd edib.
QMİ mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova APA-ya açıqlamasında bildirib ki, görüş zamanı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri hərbi əsir A. İnciqulyana bildirib ki, erməni katolikosu II Qaregin ondan əsiri öz ölkəsinə qaytarmağı xahiş edib.
Şeyx bu xahişi əməl etməyə hazır olduğunu bildirərək əsirə öz ölkəsinə qayıtmağı təklif edib. Lakin A. İnciqulyan Ermənistana qayıtmaqdan imtina etdiyini deyib. O, Ermənistan Ordusunda işgəncələrə məruz qaldığını, dözülməz vəziyyətlə üzləşdiyini bildirib, ümumiyyətlə Qarabağda döyüşmək istəmədiyini vurğulayıb.
R. Dadaşova Şeyxin görüş barədə II Qareginə cavab məktubu göndərəcəyini də bildirib.