
Hacı Möhsün və digər dindarların kassasiya şikayəti təmin edilməyib
Fevralın 19-da Azərbaycan Respublikası Ali Məhkəməsində Azərbaycan İslam Partiyasının məhbus sədri Hacı Möhsün Səmədovun və digər dindarların ilkin məhkəmə instansiyalarından kassasiya şikayətinə baxılmışdır. Məhkəmə prosesində vəkillərin ərizəsinin olmasına baxmayaraq, məhkumların iştirakı təmin olunmamış, bəhanə kimi məhkumların ərizəsinin olmaması əsas kimi gətirilmişdir.
İslaminsesi portalının məlumatına görə, vəkillərin çıxışından sonra dövlət ittihamçısı məhkəməyə kassasiya şikayətinin təmin olunmaması barədə çıxış edib və məhkəmənin yekun qərarı fevralın 21-də saat 14.30-a qədər təxirə salınmışdır.
Qeyd edək ki, 2011-ci il oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsi Möhsün Səmədova 12 il iş kəsib. Mayın 17-də Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb. Partiya lideri hakimiyyəti zorla ələ keçirmə və başqa cinayətlərdə təqsirli bilinib.
Möhsün Səmədov öz əqidəsinə görə həbs olunduğunu deyir.