
İranın təhlükəsizlik naziri deyib: Hegemonçuluq quruluşundan asılı jurnalistlərin həbsi İslam Respublikası ilə düşmən olanların qəzəbinə səbəb olub.
Höccətülislam Heydər Moslehi İsfahan ostanı imam cümələri və imam camaatları seminarında deyib: Öz fəaliyyətlərini ahəngdarlaşdırılmış formada həyata keçirən 600 jurnalist aşkar edilib ki, onların 150-si ölkə daxilində fəaliyyət göstərir.
Moslehi əlavə edib: Əks-inqilabçı kanallar ilə əlaqədə olan bəzi yerli jurnalistlərin kimliyinin müəyyənləşdirilməsi və nəzarətə götürülməsi bir daha düşmənlərin planlarını uğursuzluğa uğradıb.
İranın təhlükəsizlik naziri ötən illər ərzində hegemonçuluq quruluşu tərəfindən siyasi təhlillər və dəyirmi masalar formatında fəaliyyət göstərən əks-inqilabçı telekanalların yaradılmasına işarə edərək, bu işdə məqsədin müsəlmanların hegemonçular qarşısındakı müqavimətinə zərbə vurmaq olduğunu bildirib.
Heydər Moslehi hegemonçuluq quruluşunun İslam İnqilabının qələbə çaldığı zamandan İran İslam Respublikası quruluşuna zərbə vurmaq üçün müxtəlif planlar və proqramlar hazırlamaqla məşğul olduğuna toxunaraq, deyib: Düşmənlər həmişə Vilayət Fəqih-in mövqeyindən və düzgün idarəçilikdən ağır zərbələr alıb.
İranın Təhlükəsizlik Nazirliyi ötən ay bir bəyanat yayaraq, BBC media qrupu üçün çalışan bir qrup jurnalistin həbs edilməsindən xəbər vermişdi.
İranın Təhlükəsizlik Nazirliyi həmçinin bildirib: Əsas özəyi Londonda yerləşən şəbəkə zahirdə media və informasiya sahəsində fəaliyyət göstərsə də, əslində onların əsas missiyası ölkə daxilindəki amilləri vasitəsilə İrana qarşı təbliğat süjetlərinin hazırlanmasıdır.