İctimaiyyət nümayəndələri Mövsüm Səmədova müraciət
Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun bu il keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməsi üçün bir neçə gündür Bakı şəhəri və regionlarda yaşayan ziyalı, dindar, sadə vətəndaşlar və ictimaiyyət nümayəndələrinin imzatoplama kampaniyasına başlaması barədə məlumat vermişdik.
Məsələ ilə bağlı FaktXəbər-ə açıqlama verərkən partiyanın sədr əvəzi Elçin Manafov da regionlara səfərləri zamanı yerli camaatın belə bir təşəbbüslə imza topladığını müşahidə etdiklərini söylədi. O əlavə olaraq bildirdi ki, imzatoplama kampaniyası partiya tərəfindən aparılmır, amma bu təşəbbüsü dəstəkləyirlər.
Saatlı və Hacıqabuldan olan bir qrup ictimaiyyət nümayəndəsi Mövsüm Səmədova etdikləri müraciəti və topladıqları imza nümunələrini bizə göndəriblər. Müraciətdə deyilir:
“Hörmətli Mövsüm Səmədov! Ölkəmizdə bu ilin oktyabr ayında keçiriləcək prezident seçkilərinə “Əxlaqlı seçki və ədalətli hakimiyyət uğrunda hərəkat” adı altında qoşulan Azərbaycan İslam Partiyasının çağırışına hamılıqla qoşuluruq. Biz Bakı şəhər ziyalı, dindar, mömin şəxsləri və sadə vətəndaşlar bu seçkidə AİP-in sədri olaraq sizi dəstəkləmək üçün namizədliyinizin irəli sürülməsini istəyirik. Bu istək bizdə Azərbaycanın istiqlaliyyətinin möhkəmləndirilməsi, nikbin gələcəyinin və torpaqlarımızın bütövlüyünün təmin olunması, milli-mənəvi, dini dəyərlərimizin qorunub saxlanması, xarici qüvvələrin dövlətimizin daxili işlərinə qarışmaqdan kənarlaşdırılması, cəmiyyətin ədalətlə idarə edilməsi və qanunun aliliyinin icra edilməsi kimi vətəndaş maraqlarından irəli gəlir.
Sizin malik olduğunuz xüsusiyyətlər və insani dəyərlər bizdə böyük ümidlər və inam yaradır. Sizə olan etimadımızı nəzərə alıb təklifimizi qəbul etməyinizi xahiş edirik.”
Qeyd edək ki, müraciəti ümumilikdə 4240 nəfər imzalayıb.
