İran İslam Respublikası xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini İran və 5+1 Qrupu arasındakı ixtilafların həll yolları barəsindəki qərarların nəticələrinin bu axşam elan olunacağını deyib.
İranın nüvə müzakirələrindəki heyətinin üzvlərindən olan Abbas İraqçı şənbə günü axşam deyib: Cümə axşamı və cümə günü Cenevrədə Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsinin müavini Helqa Şmit ilə aparılan danışıqlarda 24 noyabrda iki tərəf arasında əldə olunmuş anlaşmanın ixtilaflı yönləri və anlaşmanın icra modeli barədə danışıqlar aparıldı.
İraqçı əlavə edib: Cenevrədə əldə olunmuş nüvə anlaşmasında məsələlərin külliyyatı müəyyənləşdirilib. Amma, bu məsələlərin texniki və icra yönləri var ki, onlar barəsində qərarlar qəbul olunmalıdır.
İranın xarici işlər nazirinin müavini Cenevrə anlaşması üçün icra qaydalarının İran tərəfindən hazırlandığını deyərək, vurğulayıb: Qarşı tərəf də İrana qarşı sanksiyaları o cümlədən neft sanksiyasını ləğv etməlidir ki, bunun üçün İrandan neft alan tərəflərin necə məlumatlandırılması və satış miqdarının təyin edilməsi barədə qərarlar qəbul etməlidir.
Abbas İraqçı ABŞ-ın 5+1 Qrupundakı nümayəndəsi Vendi Şerman ilə görüşünə də işarə edərək, deyib: Şerman ilə görüşdə Cenevrə anlaşmasının müxtəlif cəhətləri barəsində fikir mübadiləsi aparıldı və bu məsələ Cenevrə anlaşması barəsində vahid baxışın formalaşması üçün fikirlərin yaxınlaşmasına kömək etdi.
İranın nüvə müzakirələrindəki heyətinin üzvü əlavə edib: Bu dövr nüvə müzakirələrinin Cenevrədə başa çatmasının ardınca qərara alındı ki, 5+1 Qrupunun bütün üzvləri və İran həll yollarını araşdırsınlar və sonra yekun qərarlarını qarşı tərəfin diqqətinə çatdırsınlar.
İraqçı deyib: Əgər bu qərarlar hər iki tərəfin qərar qəbul edən qurumlarının razılığını əldə edə bilərsə, o zaman Cenevrə anlaşmasının birinci addımının başlandığını elan etmək olar.
