Rusiya prezidenti Vladimir Putin qərb ölkələrinin Suriyaya hərbi hücumunun qarşısının alınması istiqamətində səy üçün İranla ölkəsinin müştərək mövqeyini vurğulayıb.
Putin İran İslam Respublikası prezidenti Həsən Ruhani ilə telefon danışığında başqa bir ölkəyə qarşı güc vasitəsindən, qeyri-qanuni hərbi addımdan istifadə etməyi beynəlxalq qanunların kobud şəkildə pozulması adlandırıb, Suriyaya hərbi hücumun və bu ölkə xalqına xəsarət dəyməsinin qarşısını almaq üçün bütün səylər və yollardan istifadənin olunmasının zəruriliyini vurğulayıb.
İRİB-in məlumatına görə, bu telefon danışığında Həsən Ruhani qərb ölkələrinin Suriyaya qarşı ehtimal olunan hərbi hücumu ilə bağlı xəbərlərin yayılmasının nigaranlığa səbəb olduğunu bildirərək deyib: Suriyanın həssas və strateji mövqeyi vardır. Bu ölkəyə istənilən hərbi təcavüz bütün Yaxın Şərq regionunda səbatsızlıqla nəticələnəcəkdir.
İran İslam Respublikasının qənaətincə, hər bir yerdə və istənilən şəxs tərəfindən kimyəvi silahlardan istifadə olunmasının qəti şəkildə pislənilməli olduğunu bəyan edən Ruhani söyləyib: Məsələnin mahiyyəti bəlli olmamışdan öncə onun barəsində hökm çıxarmaq və vaxtı çatmamış hakimlik etmək təhlükəli ola bilər.
Rusiya prezidenti də Suriya hökuməti tərəfindən kimyəvi silahdan istifadənin olunmasının mümkünlüyü barəsində indiyə qədər heç bir faktın təqdim olunmadığını bəyan edərək deyib: Rusiya heç bir vəchlə inana bilməz ki, Suriya hökumət qüvvələri kimyəvi silahlardan istifadə etmiş olsunlar. Çünki ümumiyyətlə ona ehtiyacları yoxdur. Belə ki, Suriyada dövlət qüvvələri irəliləməkdədirlər və diqqəti cəlb edəcək dərəcədə üstündürlər.
