
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin Urmiyə gölünün şəraitinin ağır olması ilə əlaqədar Azərbaycan Respublikasının bəzi medialarının xəbərlərini təkzib edib və deyib: Bu göl İranın sərmayəsi və mentalitetidir və ölkə və region üçün önəmli dəyərə malik ehtiyatdır. Hökumət var-gücü və imkanları ilə onun canlandırılmasına çalışır.
Səhər telekanalı internet portalının verdiyi məlumata görə, bəzi mediaların məlumatsız olduğuna görə Urmiyə gölünün quruması barəsində məlumatlar verdiyinə toxunan Pakayin deyib: Bu xəbərlər təkzib olunur və İslam Respublikası quruluşu bu problemin həlli üçün xüsusi təşəbbüs göstərir. İslam Respublikası Urmiyə gölünün misilsiz ətraf mühitinin canlandırılması üçün bütün imkanlara malikdir.
“Təkcə Urmiyə gölü qurumaqda deyil. Hal-hazırda bu göl 2700 kvadrat kilometr əraziyə, 102 kiçik və böyük adaya malikdir. 19 çay bu gölə axır və mühafizə baxımından Urmiyə gölü ən yüksək səviyyəyədir” –deyə Pakayin bildirib.
İran səfiri Urmiyə gölündə problemin yaranmasının əsas səbəblərini ötən 25 ildə yağıntının 60 mm azalması, quraqlıq, iqlim dəyişikliyi, ildə gölə tökülən suyun ən azı 2,1 milyard kubmetr azalması və ötən 25 ildə istiliyin 1,5 dərəcə artması adlandırıb.
Pakayin qeyd edib ki, 100 kəndin boşaldılmasının Urmiyə gölü ilə əlaqəsi yoxdur və Maku şəhərinə bağlıdır ki, bu kəndlər sel-daşqınlarla qarşılaşdığına görə boşaldılıblar.
İran İslam Respublikasının səfiri bildirib: Əlbəttə hal-hazırda Urmiyə gölü ərazisinin 200 min hektarı duzlaşmağa doğru gedir və kənd təsərrüfatı problemlərinə görə bu ərazi kəndlərinin bir neçəsi işsizliklə üzləşə bilər. Hökumət bu prosesin qarşısını almağa çalışır.
“Təxminən 15 il öncədən başlanan Urmiyə gölünün ətraf mühitinin ağır vəziyyətini nəzərə alaraq İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatı İranın su ərazilərinin mühafizəsi üzrə beynəlxalq və milli layihə çərçivəsində mili və göllər yerləşən vilayətlər səviyyəsində müxtəlif hökumət qurumları ilə əməkdaşlıq edərək yerli ekologiyanın idarəçiliyi strategiyası ilə Urmiyə gölünün proqramını tənzimləyir” –deyə Pakayin bildirib.
Hökumətin Urmiyə gölünün su böhranını həll etmək üçün külli miqdarda olan vəsaitlərlə böyük layihələri təsdiqlədiyini və bu gölün canlanması üçün zəruri qısa və orta müddətli layihələri icraya qoyduğunu bəyan edən Pakayin deyib: Bu proqrama əsasən bu gölün ətrafında su bəndlərinin salınması və kənd təsərrüfatı ərazilərinin genişləndirilməsi dayandırılmaqla yanaşı ötən ildən çayların təmizlənməsi və çayların suyunun gölə axıdılması üçün 10 milyard rial vəsait xərclənib. İlkin atılan addımlarla gölə tökülən suyun həcmi cari ildə 1 milyard 700 milyon kubmetrə çatıb. Bu addımla nəzərə çarpacaq dərəcədə gölün su səviyyəsinin azalmasının qarşısı alınmışdır.
İran səfirinin sözlərinə görə, bununla əlaqədar son vaxtlar 500 daxili və xarici qonağın, eləcə də prezidentin 1-ci müavininin iştirakı ilə “Problemlər və Həll yolları” adı altında Urmiyə Gölünün Beynəlxalq Konfransı Urmiyədə keçirildi. Almaniya, Rusiya, Ukrayna, Belçika, Türkiyə, Finlandiya və Xorvatiya kimi ölkələrin universitet müəllimləri və tədqiqatçılarından 10 nəfər öz həll yollarını təqdim etdi.