İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq Siyasi Məsələlər İdarəsinin müdiri Bakıda keçirilən “Fələstini Dəstəkləyənlər” Konfransında deyib: Çox təəssüflər olsun ki, bəzi ölkələr Fələstinin problemlərini son dərəcə aşağı səviyyədə gündəmə gətirir və bu problemləri yalnız maliyyə məsələləri ilə xülasələşdirirlər. Amma, biz inanırıq ki, İslam Əməkdaşlıq Təşkilatı Fələstinlə bağlı qətnamələrinin gerçəkləşməsi üçün daha artıq səy göstərməlidir.
İRİB-nin Bakıdan verdiyi məlumata görə, İshaq Ali-Həbib Bakıda keçirilən “Fələstini Dəstəkləyənlər” Konfransında çıxışı zamanı İran İslam Respublikasının Qoşulmama Hərəkatının Tehran sammitində Fələstin Komitəsində gündəmə gətirilən Qüds Fondu çərçivəsində öz öhdəliklərinə sadiq olduğunu bildirib.
İshaq Ali-Həbib Fələstin məsələsini İslam İnqilabının Qələbə çaldığı zamandan bəri İran İslam Respublikasının ən mühüm prioritetlərindən adlandırıb və deyib: İran Fələstinin müsəlman xalqının ağrı və acılarını azaltmaq yolundakı səylərini heç vaxt əsirgəməyəcək və məzlum Fələstin xalqının maddi və mənəvi baxımdan himayəsini davam etdirəcək.
İranın Xarici İşlər Nazirliyinin Beynəlxalq Siyasi Məsələlər İdarəsinin müdiri əlavə edib: Tehran sionist rejim ilə müzakirələrin heç vaxt nəticə verməyəcəyi qənaətindədir.
İslam Əməkdaşlıq Təşkilatının “Fələstini Dəstəkləyənlər” Konfransı Qüds Şərifdə 12 layihənin icrasını maliyyələşdirmək məqsədilə 500 milyon dollar vəsaitin ayrılmasına təkid edərək, çərşənbə axşamı Bakıda öz işini başa vurdu.
Azərbaycan Respublikasında keçirilən bu konfransda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri, yüksək səviyyəli nümayəndələri, İƏT-in nəzdində fəaliyyət göstərən Təhsil, Elm və Mədəniyyət Təşkilatı İSESCO , Fars Körfəzi Əməkdaşlıq Şurası, İnkişaf Uğrunda İslam Həmrəyliyi və İslam İnkişaf Bankının nümayəndələri iştirak ediblər.
Bakıda keçirilən bu konfrans İslam Əməkdaşlıq Təşkilatının 2013-cü ilin fevralında Qahirədə keçirilən sammitində qəbul olunmuş qərarlar çərçivəsində baş tutub.
Bakı konfransında həmçinin, Fələstini himayə məqsədilə İslam Maliyə Təhlükəsizliyi Şəbəkəsinin yaradılmasına təkid edilib.
