İlham Əliyev: “Azərbaycanda siyasi məhkum yoxdur”
“Azərbaycanda heç kim öz siyasi baxışlarına görə həbs olunmur. Ölkədə siyasi məhkumlar yoxdur”.
İyunun 21-i Brüsseldə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu ilə görüşdən sonra keçirdiyi brifinqdə prezident İlham Əliyev belə iddia irəli sürüb.
Jurnalistin sualını cavablandıran prezident bildirib ki, onun opponentlərindən heç biri həbsdə deyil: “Azərbaycanda siyasi məhbus yoxdur, AŞPA Monitorinq Komitəsinin hesabatını oxusanız, buna əmin ola bilərsiniz. Azərbaycan insan haqları və demokratik inkişaf sahəsində öhdəliklərinə tam riayət edir. Azərbaycan demokratik ölkədir. Ölkədə müxtəlif siyasi partiyalar sərbəst fəaliyyət göstərir”.
Joze Manuel Barrozu deyib ki, Güman edirəm ki, tərəqqiyə nail olmaq üçün şəffaflıq və demokratik islahatların keçirilməsi zəruridir. Və tam şəkildə əminəm ki, prezident İlham Əliyev ölkəsinin müasirləşməsi xəttinə bağlıdır və Azərbaycanın imicinin, nüfuzunun qeydinə qalır”.