Ötən gün İraqda baş vermiş partlayışlar və toqquşmalar təqribən 50 nəfərin ölümünə səbəb olub.
Təhlükəsizlik və tibb mənbələrinin verdiyi məlumata görə, ötən gün əsasən əhalinin sıxlıq təşkil etdiyi ictimai məkanlarda, bazarlarda və ticarət mərkəzlərində baş vermiş partlayışlarda ən azı 45 nəfər həlak olub.
Ən qanlı hadisə Bağdadın şimalında şiə sakinli bir məhəllədə qeydə alınıb. Bu hadisə zamanı bomba quraşdırılmış avtomobillərdən istifadə edərək, 2 dəfə həyata keçirilən partlayış zamanı 8 nəfər həyatını itirib. Daha sonra Bağdadın digər bir neçə şiə sakinli məhəlləsində partlayışlar baş verib.
İraqın cənubunda yerləşən Əmarə vilayətində də bomba quraşdırılmış bir avtomobilin partladılması 4 nəfərin ölümünə səbəb olub.
Bəsrə şəhərində isə neft sektorunda çalışan xarici işçilərin qaldığı bir oteldə 3 partlayış baş verib. Daxil olan məlumatlara görə, partlayışlar zamanı Türkiyə və İspaniya şirkətlərinin nümayəndələri oteldə iclas təşkil ediblərmiş.
Hələ ki, bu hücumun məsuliyyətini heç bir qrup öz üzərinə götürməyib. Amma, əməliyyatı icra edənlərin kimliyi aydındır. Onlar əl-Qaidənin yerli ünsürləridirlər.