DünyaXƏBƏRLƏR

İslam Amerika qitəsində

Müsəlman coğrafiyaçı İdrisi deyir: Müsəlman dənizçilər Lissabondan qərbə doğru gedib və Atlantikin orta bölgələrində Antilla adasına çatıblar.

Andalusiya müsəlmanları 12-ci əsrdə Amerika hələ tanınmamış, daha doğrusu kəşf olunmamış, Amerika qitəsi sakinlərinin islamla əlaqə qurmalarına zəmin yaradıblar.

İspaniyanın müstəmləkəsi başlandığı dövrdə çoxlu sayda müsəlman bu yeni qitədə məskunlaşdı. 15-ci əsrin sonlarında 1492-ci ildə Girnatanın süqutu ardınca İspaniyanın katolik məzhəbli kralları müsəlmanları xristianlaşdırmaq və islam mədəniyyətini məhv etmək üçün onları qətliam etdilər.

İspaniyadan Amerikaya mühacirət edən müsəlmanların bir çox hissəsi güman edirdilər ki, zülm və sitəmdən qaçaraq öz dini-imanını azad şəkildə qoruya biləcəklər. Bu mühacirətlərin bir çox hissəsi gizli şəkildə və qeyri-islami adlar altında həyata keçirilirdi.

1534-cü ildə 5-ci Çarls Anderea Dorianın əlcəzairlilər üzərində qələbəsindən sonra göstəriş verdi ki, bütün müsəlmanları Amerika qitəsindən çıxarsınlar. Bu məsələ göstərir ki, müsəlmanların sayı diqqəti cəlb edəcək dərəcədə olmuş və bu kral üçün xoşagəlməz olmuşdur.

İspaniya-Portuqaliyanın müstəmləkəsi dövründə İspaniyadan Amerikaya gedən müsəlmanların əksəriyyətinin sənətkarlıqda ustalıqları var idi.

Müsəlman və yəhudilərin qətliamını planlaşdıran Castilla şahzadəsi İzabelin xüsusi keşişi və əqidələrin təftişinin mühakiməsi üzrə qazı Kardinal Ximenes idi. O müsəlmanlar barəsində demişdi: Onlar bizim imanımızdan, biz isə onların sənətkarlığından məhrumuq.

Bu müsəlmanlardan bəzisi dənizkənarı binaların inşası və onların bəzədilməsi üçün işə cəlb olunurdu.

Şimali Amerikada memarlıq sənətkarlığında müsəlmanların incəsənət üslubları Kaliforniya üslubu adı altında məşhurlaşmışdır.

Həmçinin 17 və 18-ci əsrlərdə Amerikaya qul kimi aparılanların bir çox hissəsi müsəlman idilər.

Qadın və uşaqların islam mövzularından məlumatları az idi və sonrakı nəsillərdə quldarlığın davam etməsi ilə onların islamdan olan məlumatları tamamilə yoxa çıxırdı.

Bəzi hallarda qul olmamışdan öncə uşaqlar Quran və namazla tanış olmuşdular. Bu amillər səbəb olurdu ki, islam öz həyatını tədrici şəkildə davam etdirsin.

Amerikanın ilk müsəlmanlarının müstəqil ictimaiyyət yarada bilməmələrinin əsas səbəbi onlara tətbiq olunan təzyiq və zülmlər idi.

Atlantikdən səfər çətin idi və çox vəsait tələb edirdi. Mühacir müsəlmanlar bəzən öz həyat yoldaşlarını özləri ilə aparmır və həmin bölgədə yerli qadınlarla evlənirdilər. Buna görə, onlardan metis övladlar dünyaya gəlirdi. Neçə nəsil keçdikdən sonra yaşadıqları ictimaiyyətə qarışıb yoxa çıxırdılar.

19-cu əsrdə iş müqavilələrinin imzalanması ilə Asiya ölkələrindən fəhlələr Amerikaya yollandılar. Beləliklə Amerika qitəsində müsəlmanlar üçün yeni dövr başlanırdı.

Bu dövrdə bütün problemlərə baxmayaraq, bu fəhlələr öz mentalitetlərini çətinliklə qoruya bilir və çoxlu islam qrupları yaradırdılar.

İngiltərə və Hollandiya kimi müstəmləkəçi ölkələr fəhlələri Amerikaya işləmək üçün göndərirdilər. Osmanlı ərazilərindən Amerikaya mühacirət edən şəxslər və fəhlələrin sayı diqqəti cəlb edirdi.

Osmanlılardan qalan sənədlərə diqqət yetirdikdə bəlli olur ki, mühacirlərin ən azı 15-20%-ni müsəlmanlar təşkil edirdi.

Təhqiqata əsasən, suriyalı və livanlı mühacirlərin sayı 1914-1960-cı illər arasında 300-500 min olmuşdur.

Tarixi sənəd və faktlara diqqət yetirərək demək olar ki, qeyd olunan zaman kəsiyində Osmanlıların hakimiyyəti altında olan ərazilərdən ehtimal üzrə 1 milyondan çox insan Amerikaya mühacirət ediblər. Bu sayın yarısı Suriya, Livan, qalanı isə Albaniya, Makedoniya, Trakiya və Anadolunun digər məntəqələrindən olmuşdur.

Əlbəttə onların bir hissəsi, xüsusilə suriyalılar zamanın keçməsi ilə öz ölkələrinə qayıtmışlar.

1-ci Dünya Müharibəsinin sonuna qədər Osmanlı ərazilərindən Amerikaya mühacirət edənlərin hamısı Osmanlı vətəndaşı və pasportuna malik olduğuna görə, din və milliyyətindən asılı olmayaraq türk adlandırılırdı. Bu termin geniş mənada müsəlman sinonimi kimi də istifadə olunmuşdur. Hələ də bəzi ölkələrdə, xüsusilə də Latın Amerikası ölkələrində turko (turco) ailələri vardır.

Müsəlman mühacirlər qısa müddət keçdikdən sonra özlərini xristian cəmiyyətləri ilə uyğunlaşdıra bilirdilər. Lakin əsasən subay olan və öz adət-ənənələrinə əsasən evlənmək istəyən kişilər adətən varlı qrupların nümayəndələri ilə ailə qura bilmirdilər. Digərlərinin istiqamətlənməsi və bələdçiliyini öz üzərinə götürən şəxslər də az idilər. Həmçinin bir nəslin mədəniyyətinin davam etməsində ailədə əsas ünsürü təşkil edən qadınların sayının az olması səbəb olurdu ki, müsəlman mühacir qruplar zəif qalsın və zaman keçdikcə yoxa çıxsınlar.

Amerika qitəsində ölkələrin ayrılması ilə müsəlmanların vəziyyəti aşağıda qeyd olunur:

Kanada

1871-ci ildə əhalinin sayılmasına əsasən, ümumilikdə Kanadada 12 min müsəlman yaşayırdı. Bu say 1901-ci ildə türk və ərəblərdən ibarət 300-400 minə çatmışdı. Sonralar Kanadaya hakim hökumətlər yeni mühacirətlər vasitəsi ilə mühacirlərin sayının artmasının qarşısını aldılar. Elə buna görə, 1911-1915-ci illərdə müsəlmanların sayı çox azaldı. 1982-ci ildə müsəlmanların sayı 120 min nəfər olmuşdur.

Bu ölkədəki müsəlmanların 45% pakistanlı və hindistanlıdır. Təxminən bu say qədəri də ərəblərə aiddir. Kanadada yaşayan müsəlmanların təxminən yarısı Antario əyalətinin Toronto şəhərində məskundur. Son illərdə Kanadada məskunlaşan müsəlmanların əksəriyyəti ali təhsillidir.

Hal-hazırda Kanadada ən azı 50 islam cəmiyyəti və orqanı fəaliyyət göstərir. Kanadada təxminən 50 məscid vardır. Bu məscidlərin hər biri bir islam mərkəzi və Quran təlimi üçün məkan kimi tanınır. Kanadada ingiliscə və ərəbcə müntəzəm şəkildə çap olunan jurnal “İslam Kanada” jurnalıdır. Bu jurnal 1972-ci ildən nəşr olunur.

Trinidad və Tobaqo

Trinidadlı müsəlmanların hazırda 70 məscidi vardır. Bu məscidlərdə Quranın öyrənilməsi üzrə dərslər keçirilir. Həmçinin bu adada müsəlmanlara aid 20 ibtidai məktəb, 3 orta və 1 ali məktəb vardır.

Trinidad müsəlmanları Amerika qitəsində ən yaxşı islam qurumlarına malikdirlər. 1930-cu ildə Trinidadda təsis olunan “Əhlüs-sünnə Vəl-Cəmaə” cəmiyyəti 1935-ci ildə rəsmi şəkildə tanınmışdır və Trinidad və Tobaqoda ən güclü islam qurumu kimi tanınır. Trinidad və Tobaqo hökuməti öz daxili marağına baxmayaraq, müsəlmanlara medialardan istifadə etmək imkanı verir. Misal üçün 1974-cü ildə Fitr bayramı namaz mərasimi radiodan birbaşa yayılmış və həmin tarixdən sonra müsəlmanların cümə günləri yarım saat müddətində radio yayım icazəsi vardır.

Surinam

Bu ölkədə 1940-cı ildən sonra müsəlmanlar şəxsi, ailə hüquqları və irs məsələləri ilə əlaqədar azadlıqdan yararlanırlar. Hollandiyalılar 1975-ci ildə bu ölkəni tərk etmişlər və həmin zaman konstitusiyaya əsasən seçkilərin keçirilməsi qəbul olunmuşdur.

Surinamda 70 məscid vardır. Bu ölkənin ilk məscidi 1932-ci ildə Surinamın paytaxtı Paramariboda inşa olunub. Bütün ixtilaflara baxmayaraq, müsəlmanlar 1929-cu ildə Surinam İslam Təşkilatı təsis ediblər. Bu təşkilat 1978-ci ilə qədər qadyanilər tərəfindən idarə olunurdu. Lakin bu tarixdən sonra Surinam müsəlmanları Surinam İslam Cəmiyyəti adlı cəmiyyət təşkil etdilər.

Qayana

Qonşu Surinam kimi Qayanaya da islam bəzisi müsəlman olan çoxlu sayda afrikalı qullar vasitəsi ilə daxil olmuşdur. Bu ölkə müsəlmanları da avropalı ərbabların zülmündə olan digər ölkələr kimi öz din və mədəniyyətini buraxmaya məcbur olmuşlar. 1860-cı ilə qədər müsəlmanların islam nikahı qadağan olunur və onlardan istənilirdi ki, kilsədə evlənsinlər. Hazırda müsəlmanlar Qayana parlamenti və Nazirlər Kabinetində iştirak edirlər. Onlar şəxsi, ailə və irslə bağlı hüquqlarda islam hökmlərinə əsasən əməlləri yerinə yetirirlər.

Qayanada 130 min müsəlman yaşayır. Əhali ilə müqayisədə ölkənin 17%-ini müsəlmanlar təşkil edirlər.

Braziliya

1500-cü ildə Portuqaliyanın Braziliyanı işğal etdiyi zaman Andalusiya vətəndaşlarının mühacirəti qadağan olundu. Bununla belə Braziliyaya mühacirət etmiş bir çox müsəlman müsəlmanlar cəmiyyəti təşkil etdi. 16-cı əsrin sonlarına qədər müsəlmanları sayı tam şəkildə artdı. O dövrdə əqidələrin təftişi məhkəmələrinin qərarı əsasında diqqəti cəlb edəcək dərəcədə müsəlmanlar işgəncə ilə qətlə yetirildilər.

1860-cı illərdən Asiyadan yeni mühacirətlərin başlanması ilə müsəlmanların iştirakının genişlənməsində yeni bir dövr başlandı. Müsəlmanlar ilk öncə Suriya və Livan, sonralar isə sionistlər tərəfindən Fələstinin işğal olunması və sionist İsrail rejiminin təsis olunması ardınca Fələstindən Braziliyaya mühacirət etdilər.

Braziliyada 70 vilayətin 10 şəhərində müsəlmanların cəmiyyət və orqanları vardır. Bu cəmiyyətlərdən hər birinin mərkəzi, eləcə də 7 cəmiyyətin məscidi vardır. Amazonas əyalətinin mərkəzində Maraosda bir suriyalı müsəlmanın özəl televiziyası vardır və bu vasitə ilə islam proqramlarını yayımlayır. Suriyalılar Braziliyada heç bir sıxıntı olmadan hər bir işdə çalışırlar. Buna görə Braziliyada bu məzmunda bir deyim vardır: “Mən suriyalılar kimi çalışıram”.

1977-ci ildə 17 islam ölkəsinin səfirləri Braziliyada bir islam mərkəzi yaradıblar. İslam cəmiyyətləri 1979-cu ildə əməkdaşlıqla İslam Federasiyası təsis ediblər.

Argentina

16-cı əsrdə Andalusiyadan qovulan müsəlmanlar islamın Argentinaya daxil olmasına səbəb oldular. Lakin qeyd olunan müsəlmanlar bölgənin yerli xalqlarının təzyiqləri nəticəsində yavaş-yavaş öz dinlərindən uzaqlaşmağa məcbur oldular. Argentina müsəlmanlar ictimaiyyətinin vəziyyəti 1880-1955-ci illər arasında suriyalı müsəlmanların mühacirəti ilə yeni mərhələyə daxil oldu. Türkiyənin Buenos Ayresdəki konsulluğunun məlumatına əsasən 1911-1913-cü illərdə Osmanlıdan təxminən 46 min nəfər bu ölkəyə mühacirət edib. Hazırda Argentinada 400 mindən çox müsəlman yaşayır.

Argentina qanunlarına əsasən, islam adlarından istifadə etmək qadağandır. Argentinada islam qurumlarının təsis olunması həmişə məhdudiyyətlərlə üzləşmişdir. İlk islam qurumu 1918-ci ildə İslam Mərkəzi adı ilə Buenos Ayresdə təsis olunub.

Venesuela

Müsəlmanlar ilk dəfə ispaniyalıların müstəmləkəsi dövründə Venesuelaya getmişlər. Bundan sonra Hindistandan mühacirətlər başlanmışdır. 20-ci əsrin ikinci yarısında Suriya, Livan, Fələstin və Pakistan kimi ölkələrdən Venesuelaya işləmək üçün mühacirət edən müsəlmanlar yeni qrup təşkil ediblər. İlk müsəlmanlarla müqayisədə öz dini etiqadlarında xüsusi çətinliklə üzləşməyən bu qrup müsəlmanlardan ibarət ilk cəmiyyəti yaratdılar.

1966-cı ildə Venesuela paytaxtı Karakasda ilk İslam Mərkəzi təsis olundu. Mərkəz ilk öncə bir məsciddən ibarət idi. Lakin sonralar və zamanın keçməsi ilə bu mərkəz çərçivəsində digər proyektlər icra olundu. Xüsusilə də ərəb dilli mədrəsə istifadəyə verildi. Hökumət tərəfindən rəsmən tanınan bu mədrəsədə bəzi qeyri-müsəlmanlar da islam dini ilə tanış olmaq üçün qeydiyyata düşürlər. Qeyd olunan mərkəz həmçinin bir kitabxana və nəşrə malikdir və dini əsərləri ərəbcə və digər dillərdə nəşr edir. Müsəlmanların sayı 50 mindən çoxdur və onların əksəriyyəti Karakasda yaşayır.

1980-ci ildə Karakas Universitetində İslam Fəlsəfəsi və Ərəb Təhqiqatları sektorları fəaliyyətə başlayıb. 1988-ci ildən də Merida Universitetində bu sektorların təsis olunması üçün fəaliyyətlərə başlanmışdır.

Kolumbiya

Müsəlmanların Kolumbiyaya mühacirəti 2-ci Dünya Müharibəsi ərəfəsində Livan, Suriya və Fələstindən baş tutmuşdur.  O dövrdə 3-4 min müsəlman Kolumbiyaya mühacirət etdi. Hazırda 20 minə yaxın müsəlman Kolumbiyada yaşayır. Onların əksəriyyəti son illərdə Suriya və Livandan bu ölkəyə mühacirət etmişdir. Müsəlmanların əksəriyyəti Kolumbiya paytaxtı Boqotada yaşayır.

Kolumbiyada məscid yoxdur. Lakin icarəyə götürülmüş binalarda islam mərkəzləri, namazxanalar və Quran təlimi kimi fəaliyyətlər həyata keçirilir.

Digər ölkələr

19-cu əsrdə müsəlmanlar müqavilə bağlamış fəhlələr adı altında Yamaykaya mühacirət etdilər. Müsəlmanların sayı 1982-ci ildə 14 min nəfərə çatdı. Onların ilk cəmiyyəti 1950-ci ildə təsis olundu. Hazırda Yamaykada iki məscid vardır.

Panama Mərkəzi Amerika ölkələrindən biridir ki, ilk islam cəmiyyəti 1930-cu ildə “İslam Mission” adı altında təsis olunub. Bu cəmiyyətin adı 1967-ci ildə Hindistan-Pakistan İslam Cəmiyyəti adına dəyişdirilib. Bu ad da 1974-cü ildə Panama İslam Cəmiyyəti adına dəyişdirildi. Hazırda Meksika, Çili, Barbados, Bahama, Kurusao, Qranada, Dominikan, Puerto Riko, Sen Kristubal adası, Martiniko və Peru az saylı müsəlmanlara malik olsa da, diqqəti cəlb edəcək qurumları vardır. Kuba, Paraqvay, Uruqvay, Ekvador və Boliviya kimi fransız dilli ölkələrdə müsəlmanların sayı çox azdır və onlar bu ölkələrdə dini azlıqlar şəklindədirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu