Sentyabrın 27-si Bakıda, Yasamaldakı “Məhsul” stadionunda BAXCP-nin prezidentliyə namizədi Qüdrət Həsənquliyev mitinq zamanı İranı prezident seçkisi ərəfəsində Azərbaycanda özünə yaxın qüvvələr vasitəsilə oyunlar oynadığını iddia edib. O, Milli Şuranı İranın kəşfiyyat orqanları ilə əlaqəsi olan islamçılarla əməkdaşlıq etməkdə ittiham edib: “Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş və İranın xüsusi xidmət orqanları ilə əlaqəsinə heç bir şübhə olmayan islamçıların sözügedən cinayətləri məhkəmə tərəfindən də sübuta yetirildi”, – deyə Qüdrət Həsənquliyev çıxışı zamanı bildirib. Bu isə islamçıların etirazına səbəb olub.
Qüdrət Həsənquliyev iddia edib ki, Rusiya prezidenti Vladimir Putin Bakıya gəlib Azərbaycan hakimiyyəti ilə anlaşandan sonra Rusiya meylli qüvvələr – “Milyarderlər ittifaqı”, Rüstəm İbrahimbəyov geri çəkildiyi kimi İran meylli qüvvələr də geri çəkildi. Qüdrət Həsənquliyev buna misal olaraq İranın himayə etdiyi qüvvələrin başqa namizədi müdafiə etmək barədə qərar çıxarmasını göstərib və bunu onların “başqa namizədi dəstəkləmək adı ilə aradan çıxması” adlandırıb.
Qüdrət Həsənquliyev hakimiyyətə gələcəyi təqdirdə yeni xuliyas;ndan da danışıb. deyib ki, Azərbaycan dövlətinin adını Şimali Azərbaycan Respublikasına dəyişdiriləcəm, Azərbaycanın tarixi torpaqlarının böyük bir hissəsi hazırda İranın əsarətində olduğundan bu addımı atmaq zəruridir.
Görünür prezidentliyə namizədlərin teledebatında daima Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin əleyhinə kompromatlar səsləndirməklə yadda qalan BAXCP sədri Qüdrət Həsənquliyev bu dəfə islami cameəyə qarşı müəyyən fikirlər səsləndirib. O, Milli Şuranı İranın kəşfiyyat orqanları ilə əlaqəsi olan islamçılarla əməkdaşlıq etməkdə ittiham edib:
BAXCP- sədrinin fikirləri ilə bağlı FaktXeber.com-a açıqlama verən AİP-in sədr müavini İnqilab Əhədli və Milli Şuranın üzvü və AİP fəalı Natiq Kərimli kifayət qədər maraqlı və diqqət çəkən məqamlara toxundular.
AİP-in sədr müavini İnqilab Əhədli bildirdi ki, şərlənərək həbs olunan islamçıların günahsızlığı hamıya gün kimi aydındır: “Xalq tərəfindən AİP lideri Möhsün Səmədovun namizədliyinin irəli sürülməsi üçün könüllü şəkildə toplanılan 160 min imza deyilənləri bir daha sübuta yetirdi. Baş verənlər onu deməyə əsas verir ki, Mövsün Səmədovun heç bir günahı yoxdur və o, şərlənərək həbs olunub. Biz toplanılan imzaları nəzər alaraq Möhsün Səmədovun namizədliyi üçün sənədləri MSK-ya təqdim etdik. Necə ki, hakimiyyət Möhsün Səmədovu sifarişlə həbs etmişdi, elə də MSK yalan açıqlamalarla doktor Səmədovun sənədlərinin onlara verilmədiyini söylədi. Təbii ki, bunların hamısı bir mərkəzdən verilən sifarişlərin nəticəsidir. Çox təəssüf ki, bəzi qardaşlarımız da MSK-nın mövqeyinə bəraət qazandırdılar. ”
Milli Şuranın üzvü və AİP fəalı Natiq Kərimli isə qeyd etdi ki, Qüdrət Həsənquliyev Azərbaycan məhkəmələrinin hansı vəziyyət olmasını çox gözəl bilir. Bütün islamçıların istintaq və məhkəmə proseslərinin saxtakarlıqla baş tutduğunu qeyd edən Natiq Kərimli, “hətta bəzi islamçıların məhkəmə prosesləri o qədər qapalı keçirildi ki, vəkilləri yalnız 15 gündən bir MTN-də onların yanlarına gedə bilirdilər. Əgər həbs edilən inanclılar doğrudan da cinayət törətmişdilərsə, onda nəyə görə məhkəmə proseslərini qapalı keçirirdilər. Belə özlərinə arxayın idilərsə qoyardılar, hər şey şəffaflıqla baş tutsun”, – deyə bildirdi: ”Lakin bunlar hər şeyi qapalı keçirdilər. İlkin olaraq gizlin həbs edirlər sonra olmazın işgəncələr verir və boyunlarına etmədiklərini cinayətləri də qoyurlar. Qüdrət Həsənquliyev hüquqşünasdır və deyilənləri çox gözəl bilir. Azərbaycan məhkəmələrinin verdiyi qərarlar Avropa Məhkəməsinə çıxarılan kimi dərhal həmin qərarların səhv olmasına dair hökm çıxarılır. Elə bunun özü Azərbaycan məhkəmələrinin qeyri-şəffaf olmasına dəlalət edir. Ona görə yaxşı olardı ki, danışarkən və hər hansı bir açıqlama verərkən obyektiv olsun, əsassız və mənasız fikirlər səsləndirməsin”.
Qeyd edək ki, indiyə kimi həbs edilən ruhanilərin heç biri Qüdrət Həsənquliyevin dediyi ittihamlarla həbs edilməyib.

