AzərbaycanXƏBƏRLƏR

Azərbaycan Respublikası və islamçı siyasi-dini fəalların kütləvi həbsləri

Azərbaycan Respublikasında islamçı siyasi-dini fəalların kütləvi həbsləri ilə yanaşı 2013-cü ildə həbs edilən qərbyönümlü müxalifətçilərin sayı da artıb və cari ildə ən azı 20 nəfər dindar yaxud qərbyönümlü vətəndaş Azərbaycan Respublikasında həbs olunub.

ABŞ-ın Bakıda fəaliyyət göstərən Mediaforum saytı məlumat verib ki, ilin ilk həbsləri yanvar ayında İsmayıllıda icra hakimiyyəti başçısının istefası tələbi ilə keçirilmiş aksiyalardan sonra aparılıb. İsmayıllı olaylarına görə 18 nəfər həbsdədir.
Onların arasında REAL hərəkatının lideri İlqar Məmmədov, Müsavat başqanının müavini, jurnalist Tofiq Yaqublu da var. Baş Prokurorluq hər iki şəxsi kütləvi iğtişaşların təşkilində ittiham edir.
Həbs dalğası ən çox gənc fəalları vurub. Mart və aprel aylarında tutulan “Nida” Vətəndaş Hərəkatının üzvləri Rəşadət Axundov, Rəşad Həsənov, Üzeyir Məmmədli, Şahin Novruzlu, Bəxtiyar Quliyev, Zaur Qurbanlı mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq partlayıcı maddələr əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmədə ittiham olunurlar.
Başqa bir “Nida”çı Məmməd Əzizova narkotik maddə saxlamaq ittihamı irəli sürülüb. AXCP fəalı Daşqın Məlikov da eyni ittihamla tutulub. “Azad Gənclik” Təşkilatının üzvü İlkin Rüstəmzadəyə isə xuliqanlıq ittihamı verilib. AXCP fəalı Tural Həsənzadə yanvarın 12-də və 26-da Bakıda keçirilən aksiyalarda iştirakına görə həbs olunub, 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Dini fəallar Hacı Taleh Bağırov və Rəşad Ramazanov narkotik maddə saxlama, Anar Məlikov qanunsuz silah saxlamada günahlandırılırlar. Nihad Qəhrəmanov 2012-ci il oktyabrın 5-i Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasına görə tutulub və ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirakda ittiham olunur. Bəxtiyar Qurbanov və Röyal Əsgərova isə özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə ittihamı verilib.
Hüquqşünas, Demokratik Qüvvələrin Milli Şurasının üzvü Qurban Məmmədov yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma maddəsi ilə ittiham olunur.
Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi siyasi məhbus anlayışının meyarlarına görə, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır:
– saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və assosiasiya azadlığı pozulmaqla həyata keçirilibsə;
– saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə;
– həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə;
– vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu