
Martın 11-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində Masallı dindarlarının məhkəməsi davam edib.
Vəkil Fariz Namazlı bildirib : “Ekspert rəyinə əsasən, həbs qətimkan tədbiri dəyişdirilə bilər. Vüsal Quliyevin Hepatit C, ağciyər xərçəngi və bir neçə ağır xəstəlikdən əziyyət çəkdiyi elan olundu. Amma dindarın həmin xəstəliklərlə istintaq təcridxanasında qalmasına münasibət açıqlanmayıb. Bu məsələ Penitensiar Xidmətin müalicə müəssisəsinin öhdəsinə buraxılıb”.
Fariz Namazlı dindar haqqında seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi məsələsinə martın 12-də qərar veriləcəyini əlavə edib.
Dindarlar Surac Ağayev, Ziya Tahirov, Rza Ağalı, Araz Quliyev, Nicat Əliyev, Xalid Kazımov, Vüsal Quliyev, Namiq Kişiyev ötən il sentyabrın 8-də Masallı rayonunda pozqun folklor festivalı ilə əlaqəli tədbirə etiraza görə dinc sakinlərə və polis əməkdaşına xəsarət yetirməkdə günahlandırılır.
İşin araşdırılması Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) və 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə) maddələri ilə başlanıb. Sonradan təqsirləndirilənlərə yeni ittihamlar verilib.