
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti (DSX) martın 16-da Yevlaxdakı hərbi hissədə baş vermiş əsgər ölümü ilə bağlı bildirib ki, həkimlərin ciddi səyinə baxmayaraq, əsgəri xilas etmək mümkün olmayıb.
Məlumatda qeyd olunub ki, martın 16-da DSX-nin Yevlax şəhərində yerləşən hərbi hissəsinin əsgəri Niftizadə Elvin Fikrət oğlu nahar yeməyindən sonra özünü narahat hiss etdiyi üçün hərbi hissənin tibb məntəqəsinə gətirilib. Müayinə zamanı əsgərin təzyiqinin kəskin surətdə düşməsi aşkar edilib və o, təcili olaraq Yevlax Mərkəzi Şəhər Xəstəxanasına aparılıb. Amma, həkimlərin ciddi səyinə baxmayaraq, Elvini xilas etmək mümkün olmayıb.
Xəstənin vəfatının səbəblərinin aydınlaşdırılması məqsədilə hərbi prokurorluğun əməkdaşının iştirakı ilə keçirilmiş autopsiya nəticəsində əsgərin bədənində hər hansı xarici yaxud daxili xəsarət alma halının olmaması müəyyən edilib. Autopsiyanın keçirilməsi prosesinin videoçəkilişi aparılıb.
“Hazırda ölümün səbəbinin müəyyənləşdirilməsi üzrə tədbirlər davam etdirilir, nəticələri barədə ictimaiyyətə məlumat veriləcək”, – deyə məlumatda qeyd olunub.
Dövlət Sərhəd Xidməti rəhbərliyi əsgər Elvin Niftizadənin vəfatından kədərləndiyini bildirərək onun valideynlərinə dərin hüznlə baş sağlığı verir: “Allah əsgərimizə rəhmət eləsin. Eyni zamanda təəssüf hissi ilə qeyd edirik ki, bəzi kütləvi informasiya vasitələri tərəfindən qeyd olunanlarla əlaqədar həqiqətə uyğun olmayan, qərəzli xarakterli məlumatlar yayılıb. Bu məlumatları qətiyyətlə təkzib edir, bədbəxt hadisənin öz çirkin məqsədləri üçün istifadə edənləri qınayır, özgəsinin kədərindən yararlanmaq cəhdlərini mənfi qiymətləndiririk”