Qarabağ əlilinin özünü yandırma həddinə çatdırılmasına etiraz olaraq Bakının Fəvvarələr meydanına aksiya təyin edilib. Aksiyanın təşkilatçısı Qarabağ qazisi Asif Yusiflidir. Bununla bağlı o, “Facebook” şəbəkəsində “Qaziləri yandırma!” virtual qrupu yaradıb və aksiya elanını da bu qrup vasitəsilə yayıb.
Aksiya dekabrın 28-i saat 15-ə təyin olunub.
Asif Yusiflinin “Facebook”dakı müraciətində deyilir: “Əziz qardaşlar, bacılar, dostlar, yoldaşlar. Bu gün hamımızın qanını donduran hadisə baş verdi. Həmkarlar İttifaqı Konfederasiyasının sədri, deputat Səttar Mehbalıyevin haqsızlığından təngə gələn Qarabağ qazisi Zaur Həsənov özünü yandırdı. Müharibə şəraitində yaşayan, torpaqlarının 20 faizi işğal altında olan bir ölkədə Qarabağ qazisinin özünü yandırması bizim hamımızın vicdanını silkələməlidir. Bu, rəzalətdir!
Mən özüm Qarabağ qazisiyəm. Baş verənlərə laqeyd qalmamağı bütün qazi dostlarımdan, döyüşçülərdən, bu xalqın, bu ölkənin təəssübünü çəkən hər kəsdən rica edirəm. Bunun üçün həftənin altıncı günü saat 3-ə aksiya elan edirəm. O vaxta qədər tələbimiz bu olmalıdır: deputat Səttar Mehbalıyev qazini, beş uşaq atasını və elə o uşaqları da bədbəxt etdiyinə görə ictimai qaydada üzr istəməli, qazimizə edilən haqsızlıq dərhal aradan qaldırılmalıdır. Sabah və biri gün üçün isə görəcəyimiz iş: qazi qardaşımızı tək qoymamaq, xəstəxanaya baş çəkib onun ziyarətində olmaq”.
Dekabrın 26-sı günortayadək minə yaxın şəxs “Facebook” vasitəsilə aksiyaya qatılacağını bildirib. “Qazimizi yandırma!” virtual qrupu artıq 20 mindən çox “Facebook” istifadəçisini aksiyaya dəvət edib.
Dekabrın 25-də Qarabağ müharibəsi əlili Zaur Həsənov Həmkarlar İttifaqları Konfederasiyasının binası önündə üstünə benzin tökərək özünü yandırıb. O özünə qəsdi 1995-ci ildən bəri Bibiheybət qəsəbəsində işlətdiyi kafenin əlindən alınması ilə əsaslandırıb. Zaur Həsənov iddia edir ki, kafeni onun əlindən Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Səttar Mehbalıyev alıb.
