“Tolışi sədo” qəzetinin baş redaktoruna 5 il həbs verdilər
Azərbaycan Respublikasının yeganə talış dilli qəzet olan “Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib.
Hökm sentyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində oxunub. Məhkəmə onu dövlətə xəyanətdə, milli ayrı-seçkilik salmaqda və narkotik ticarətində təqsirli bilib.
“Tolışi sədo” qəzetinin baş redaktoru bu ittihamların uydurma olduğu və siyasi səbəblərə görə həbs olunduğunu bildirir.
Jurnalist, hüquq müdafiəçisi Hilal Məmmədov 2012-ci ilin iyununda həbs edilib. Beynəlxalq və yerli təşkilatlar onu vicdan məhbusu hesab edirlər.
Hilal Məmmədova qarşı irəli sürülən ittihamlardan biri İranda keçirilə bir konfransda Azərbaycan əleyhinə bir məqalə təqdim etməsidir.
Hilal Məmmədovun vəkillərindən biri məhkəmə hakimindən bu konfransın hansı tarixdə, İranın hansı şəhərində və nə mövzuda keçirildiyini soruşduqda məhkəmə hakimi buna aydınlıq gətirə bilməyib.
Hilal Məmmədov həmçinin “Tolişi Sədo” qəzetində Azərbaycan Respublikası əleyhinə məqalələr dərc etməkdə ittiham edilir.
Hilal Məmmədovun indiyə kimi “Tolişi Sədo” qəzetində yalnız 3 məqaləsi dərc olunub ki, onların biri dini, ikisi isə ədəbi mövzuda olub. Yəni, Məmmədovun dövlətə qarşı hansısa siyasi məqaləsi yoxdur.
Bir neçə il bundan əvvəl Tolişi Sədo qəzetinin sabuq baş redaktoru Novruzəli Məmmədov zindanda pis şərait nəticəsində həyatını itirmişdir.