Azərbaycanda seçkiqabağı təbliğat kampaniyasının yeni başladığı bir vaxtda İsrail mediasında prezident İlham Əliyevin siyasətini və yəhudi dövləti ilə münasibətlərini yüksək qiymətləndirən çoxsaylı yazılar dərc olunub.
Bu rejimin “Jewish Telegraph Agency” agentliyinin əməkdaşı tərəfindən hazırlanan, “The Times of İsrael”, “The Jewish Daily Forward” və digər nəşrlərdə dərc olunan məqalədə deyilir ki, Azərbaycan İlham Əliyevin prezidentliyi dövründə İrana məhəl qoymayaraq İsraillə sıx tərəfdaşlıq münasibətləri qurub.
Məqalədə deyilir ki, 2003-cü ildə hakimiyyət başına gələn İlham Əliyevin prezidentliyi bu gənc respublikaya rifah və çiçəklənmə gətirib. Baxmayaraq ki, korrupsiya və insan haqlarının pozulması halları da geniş yayılıb.
“Lakin Qərb, xüsusən İsrail üçün Əliyev yaxın dost və Azərbaycanı İranın kölgəsindən çıxararaq strateji müttəfiqə çevirən, İsrail silahlarının kütləvi şəkildə alıcısı və bu ölkənin enerjiyə tələbatını ödəyən azsaylı ölkələrdən birinə çevirmiş dəyişikliklərin müəllifidir” – deyə məqalədə bildirilir.
İsrailin Avropa Birliyindəki keçmiş səfiri, bu ölkənin Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun keçmiş direktoru Oded Eran deyir ki, WikiLeaks saytında açılan Amerika diplomatik teleqramlarından da sitat gətirilir və bildirilir ki, İsraillə Azərbaycan arasındakı münasibətlərin üzdə olan tərəfi aysberqi xatırladır. Hansı ki, bu münasibətlərin onda doqquz hissəsi nəzərə çarpmır.
Məqalədə İsrailin Bakıdakı səfiri Rafael Harpez isə deyir ki, əksər müsəlman ölkələrində yayılmış antisemit hissləri Azərbaycanda faktiki olaraq mövcud deyil: “Ölkədə din azadlıqları təmin olunub, qonşu İrandan fərqli olaraq Azərbaycanda dəblə, açıq-saçıq geyinmiş qadınlar türk və rus populyar hitlərinin sədaları altında gecə barlarında və klublarında rəqs edirlər”.